ASELSAN-ın süni zəka dəstəkli şəhər təhlükəsizlik idarəetmə sistemi Türkiyənin 81 vilayətində istifadə olunur

2026/06/1782285257.jpg
Oxunub: 279     11:12     24 İyun 2026    
ASELSAN tərəfindən hazırlanmış süni zəka dəstəkli Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemi Türkiyənin 81 vilayətində təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Ordu.az xəbər verir ki, sistem Türkiyə Polis Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən ictimai asayişin qorunması, daxili təhlükəsizlik risklərinin qarşısının alınması və nəzarət fəaliyyətinin daha səmərəli həyata keçirilməsi məqsədilə istifadə olunur.

ASELSAN tərəfindən yaradılmış CITYGUARD Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemi və ROADGUARD Yol Təhlükəsizliyi Sistemi ölkənin təhlükəsizlik fəaliyyətlərində mühüm əhəmiyyət daşıyır.

CITYGUARD hazırda 81 vilayət və 920 rayonda şəhər təhlükəsizliyinə xidmət göstərir. Süni zəka əsaslı analiz imkanlarına malik 150 mindən çox ODAKAN bədən kamerası təhlükəsizlik qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur.

Sistem ODAKAN kameralarını, KAYIN şəbəkə videoanaliz və qeydiyyat sistemlərini, KAHİN videoanaliz sistemlərini və GEKO nəqliyyat vasitələrinin tanınması sistemlərini birləşdirərək şəhər, yol, sahə və sahil təhlükəsizliyində istifadə edilir.

Məlumata görə, CITYGUARD yüksək keyfiyyətli müşahidə vasitələri, bədən kameraları, süni zəka dəstəkli üz tanıma sistemləri, qeydiyyat infrastrukturu və videoidarəetmə proqram təminatı vasitəsilə fasiləsiz müşahidə və analiz imkanı yaradır.

Süni zəka texnologiyaları sayəsində şəxs və nəqliyyat vasitələrinin tanınması, üz tanıma və sıxlıq analizi kimi funksiyalar cinayət və terror hadisələrinin daha effektiv aşkarlanmasına və qarşısının alınmasına kömək edir.

Sistem on minlərlə kameradan daxil olan görüntüləri bulud əsaslı məlumat saxlama infrastrukturu və böyük verilənlərin təhlili vasitəsilə idarə edərək hadisələrə operativ reaksiya və proqnozlaşdırıcı analiz imkanları təqdim edir.

Qeyd olunur ki, nəqliyyat vasitələri və dövlət qeydiyyat nişanlarının tanınması yüksək dəqiqliklə həyata keçirilir, üz aşkarlama və tanıma imkanları isə şəhər təhlükəsizliyinə strateji töhfə verir.

ASELSAN-ın məlumatına görə, şəhər, sərhəd, sahə və kritik obyektlərin təhlükəsizliyi üçün hazırlanmış ODAKAN kamera ailəsinin 450 mindən çox nümunəsi hazırda istifadə olunur.

ODAKAN kameraları istənilən hava və işıq şəraitində sutkanın 24 saatı yüksək görüntü keyfiyyəti təmin edir.

Sistem çərçivəsində tətbiq olunan termal görüntüləmə texnologiyası sərhəd və ətraf mühitin mühafizəsi, sənaye sahələrinin monitorinqi və fövqəladə hallara müdaxilə zamanı vəziyyət barədə məlumatlılığı artırır.

ODAKAN üz aşkarlama kameraları üz tanıma, şəxs identifikasiyası, “qara siyahı” yoxlamaları, yaş və cinsiyyət təsnifatı kimi funksiyaları yerinə yetirir.

ODAKAN bədən kamerası isə video qeydiyyatı, uzaqdan canlı izləmə, ani geolokasiya məlumatlarının ötürülməsi, üz tanıma nəticələrinin mərkəzə göndərilməsi və uzaqdan yenilənmə imkanları ilə seçilir.

ROADGUARD Yol Təhlükəsizliyi Sistemi isə nəzarət-buraxılış məntəqələrinin səmərəliliyini artıraraq təhlükəsizlik qüvvələrinin ən müasir texnologiyalardan istifadə etməsinə şərait yaradır.

Sistem vasitəsilə hüquqpozuntularında iştirak edən şəxslər və şübhəli nəqliyyat vasitələri nəzarət məntəqələrinə çatmamış müəyyən edilərək zəruri tədbirlər görülür.

Hazırda ROADGUARD vasitəsilə 44 vilayət və 40 rayonda yol təhlükəsizliyi təmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin