Erməni siyasi xadim ittihamı tamamilə yalan hesab edir, həbsi ilə bağlı vəsatətə bu gün baxılacaq

2026/06/1782296729.jpg
Oxunub: 201     14:25     24 İyun 2026    
“HayaKve” birliyinin koordinatoru Avetik Çalabyan ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir və onları “tamamilə yalan” adlandırır”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Varazdat Harutyunyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Avetik Çalabyana seçicilərin seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıq ittihamı irəli sürülüb. İttihamda bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə belə bir hazırlığın görüldüyü iddia edilir.

Erməni vəkil bildirib ki, Çalabyan ittihamı qəbul etməyib və onu “başdan sona yalan” adlandırıb.

Harutyunyan qeyd edib ki, ibtidai istintaq sirri səbəbindən işin faktiki halları barədə hazırda ətraflı danışmaq mümkün deyil. Bununla belə, o, gələcəkdə həmin ittihamların əsassız və uydurma xarakter daşıdığı barədə açıqlamalar veriləcəyini vurğulayıb.

Hazırda Avetik Çalabyanın “Kentron” məhkəməsində olduğunu bildirən erməni vəkil qeyd edib ki, burada onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılır.

Hakimin kimliyi və məhkəmə prosesi ilə bağlı əlavə məlumatların sonradan açıqlanacağı bildirilib.

Xatırladaq ki, iyunun 24-də səhər saatlarında erməni ictimai-siyasi xadim və “HayaKve” birliyinin koordinatoru Avetik Çalabyan saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çalabyan   Ermənistan  


Bizi "telegram"da izləyin