İstanbulda “FenTech 2026 Elm, Texnologiya və İnnovasiya Festivalı” başlayıb - VİDEO
Oxunub: 245
14:28
24 İyun 2026
Türkiyə üzrə texnologiya proqramı tətbiq edən Anadolu İmam Hatip Liseyləri İstanbulda keçirilən “FenTech 2026 Elm, Texnologiya və İnnovasiya Festivalı”nda bir araya gəlib.
Ordu.az xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin Dini Təhsil Baş İdarəsinin koordinasiyası, ÖNDER İmam Hatiplilər Dərnəyi, İlim Yayma Cəmiyyəti və “Ziraat Katılım”ın əməkdaşlığı ilə təşkil olunan festival Bahçelievler 15 İyul Şəhidləri Anadolu İmam Hatip Liseyində start götürüb.
Türkiyənin dövlət himninin səsləndirilməsi və Qurani-Kərim tilavəti ilə başlayan tədbirdə çıxış edən ÖNDER İmam Hatiplilər Dərnəyinin sədri Abdullah Ceylan belə bir tədbirin təşkilindən məmnunluq duyduqlarını bildirib.
Texnologiyanın misilsiz sürətlə inkişaf etdiyi bir dövrdə yaşadıqlarını vurğulayan Ceylan qeyd edib ki, əsas məsələ yalnız texnologiyadan istifadə etmək deyil, onu istehsal etməkdir. Onun sözlərinə görə, texnologiyanın yaxşılıq, ədalət və mərhəmət naminə istifadə olunması vacibdir.
Ceylan bildirib ki, imam hatip məktəbləri həm dünyəvi, həm də mənəvi dəyərləri özündə birləşdirən, texnologiya istehsal edən və qlobal rəqabətə hazır gənclər yetişdirir. O vurğulayıb ki, gələcəkdə ədalətin, sülhün və mərhəmətin hakim olduğu dünyanın qurulmasında bu gənclər mühüm rol oynayacaqlar.
Türkiyənin bugünkü səviyyəyə çatmaq üçün böyük çətinliklərdən keçdiyini xatırladan Ceylan qeyd edib ki, bundan sonrakı uğur hekayəsini yazmaq məhz gənclərin üzərinə düşür.
O, yerli və milli texnologiya təşəbbüslərinin Türkiyənin gələcəkdə dünya liderlərindən birinə çevrilməsinə töhfə verəcəyini və məzlum xalqlara ümid daşıyacağını bildirib.
“Ziraat Katılım”ın baş direktoru Metin Özdemir də tədbirdə çıxış edərək imam hatip məktəblərində həyata keçirilən elmi və texnoloji layihələri yüksək qiymətləndirib. O bildirib ki, bu məktəblərdə yetişən gənclər vətənpərvər, məsuliyyətli və milli dəyərlərə bağlı nəslin nümayəndələridir.
Türkiyə Milli Təhsil Nazirliyinin Dini Təhsil Baş İdarəsi rəisinin müavini Ömər Akmanşen isə bildirib ki, imam hatip liseyləri artıq ölkənin gələcəyini düşünən və bu istiqamətdə fəaliyyət göstərən bir quruma çevrilib.
Akmanşen vurğulayıb ki, festivalın əsas məqsədi gənclərə erkən yaşlardan rəqəmsal dövrün tələblərini aşılamaqdır. Onun sözlərinə görə, texnologiya və innovasiya mənəvi dəyərlərdən ayrı düşünülməməlidir.
Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin baş direktoru Bilal Topçu da çıxışında bildirib ki, bu cür tədbirlər ölkənin texnoloji inkişafı baxımından böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, TEKNOFEST artıq beynəlxalq səviyyəyə yüksəlib və xarici komandaların da iştirak etdiyi qlobal platformaya çevrilib.
Topçu vurğulayıb ki, müasir dövrdə dövlətlərin gücü təbii resurslarla deyil, bilik istehsal etmək, texnologiya yaratmaq və innovasiya ortaya qoymaq qabiliyyəti ilə ölçülür. O əlavə edib ki, Türkiyə texnologiya inqilabını vaxtında dəyərləndirib və bu istiqamətdə inkişafını davam etdirir.
Tədbirdə T3 Vəqfinin Himayəçilər Şurasının üzvü Məhəmməd Saymaz və Bilişim Vadisinin baş direktoru Erkam Tüzgen də elm və texnologiya sahəsində baxışlarını bölüşüblər.
Çıxışlardan sonra “Problem Həll Edən Nəsillər”, “RoboFutbol”, “Hackathon”, “Er Meydanı” və “Xətt İzləyən Robot” olmaqla beş müxtəlif kateqoriyada yarışlar keçirilib. Qaliblərə mükafatlar sabah keçiriləcək mərasimdə təqdim olunacaq.
“Ənənədən Gələcəyə: Fəzilətli Texnologiya, İnsan Mərkəzli İnnovasiya” mövzusu ilə təşkil olunan festival çərçivəsində süni zəka, robot texnikası, proqram təminatı, dizayn və innovasiya sahələrində hazırlanmış layihələr də nümayiş etdirilib.