Ermənistan İstintaq Komitəsi erməni siyasi xadimin həbsi ilə bağlı təfərrüatları açıqlayıb

2026/06/1782296687.jpg
Oxunub: 194     14:22     24 İyun 2026    
“Bir qrup şəxs tərəfindən seçki hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə hazırlıq görülməsi faktı üzrə cinayət işi başlanılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi erməni siyasi xadim Avetik Çalabyanın işi ilə bağlı açıqlamasında məlumat yayıb.

Bildirilib ki, Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması üzrə baş idarəsində aparılan cinayət işi çərçivəsində əldə olunan ilkin faktiki məlumatlara əsasən, “HayaKve” birliyinin koordinatoru Avetik Çalabyan 2026-cı il iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində vətəndaşların seçki hüququnun sərbəst həyata keçirilməsinə mane olmaq məqsədilə 2026-cı ilin may ayında xarici ölkələrdən birinin vəzifəli şəxsləri ilə görüşlər keçirib.

İstintaqın versiyasına görə, Çalabyan həmin şəxsləri seçkilərdə üstünlük verdikləri siyasi qüvvənin qələbəsini təmin etmək məqsədilə maraqlandıraraq, onların xidməti və vəzifə səlahiyyətlərindən istifadə etməyə sövq edib.

Məlumata əsasən, həmin ölkədə fəaliyyət göstərən şirkət sahibləri vasitəsilə seçki hüququ olan Ermənistan vətəndaşlarının Ermənistana gətirilməsi və parlament seçkilərində “Güclü Ermənistan” blokunun lehinə səs vermələrinin təmin olunması nəzərdə tutulub və bununla bağlı razılıq əldə edilib.

Cinayət işi üzrə təyin olunmuş ekspertizanın rəyinə görə, internetdə yayılan səs yazısında danışan şəxsin Avetik Çalabyan olduğu təsdiqlənib.

Nəzarətçi prokurorun qərarı ilə Avetik Çalabyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 43-210-cu maddəsinin 2-ci hissəsinin 5-ci və 6-cı bəndləri üzrə (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xidməti və vəzifə səlahiyyətlərindən istifadə etməklə seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıq) ittiham irəli sürülüb.

Çalabyan saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çalabyan  


Bizi "telegram"da izləyin