Rusiya XİN: Ermənistanın Avropa İttifaqında alternativ bazarlar tapması çətin görünür

2026/06/1782737928.jpg
Oxunub: 213     16:59     29 İyun 2026    
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın öz məhsullarının satışı üçün Avropa İttifaqında Rusiya və Avrasiya İqtisadi Birliyi ölkələrini əvəz edəcək alternativ bazarlar tapmasının az ehtimal olunduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində danışıb.

Qaluzin bildirib ki, hazırda Ermənistan məhsullarının böyük hissəsi, bəzi hallarda isə demək olar ki, hamısı Rusiyaya ixrac olunur və bunun əvəzinə Avropada alternativ bazarlar tapılmasını təsəvvür etmək çətindir.

Onun sözlərinə görə, Brüsselin Ermənistan məhsulları üçün hazırladığı ticarət güzəştləri tamamilə siyasi xarakter daşıyır.

“Bu addımlar Avropa İttifaqının və onun həyata keçirdiyi siyasətin anti-Rusiya mahiyyətini bir daha nümayiş etdirir. Yerinə yetirilməsi çətin olan vədlər verməklə Ermənistanı öz tərəflərinə çəkməyə çalışırlar”, - deyə Qaluzin vurğulayıb.

Xatırladaq ki, 2026-cı il iyunun 19-da Avropa Komissiyasının Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkmiş özəl sektora dəstək məqsədilə Ermənistana 34 milyon avro ayırdığı məlum olub.

Avropa İttifaqının açıqlamasında bildirilir ki, yardım paketi ticarətin asanlaşdırılması və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində tədbirləri əhatə edir. Bundan əlavə, Avropa İttifaqı erməni istehsalçılarının Avropa bazarlarına çıxış imkanlarını genişləndirməyi planlaşdırır.

Məlumata görə, 2026-cı il iyulun 5-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ermənistana səfəri gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin