Polşa ildə 160 min artilleriya sursatı istehsal edəcək zavoda sərmayə yatırır

2026/04/1776355215.jpg
Oxunub: 190     14:38     23 İyun 2026    
Polşa 155 mm-lik artilleriya sursatlarının istehsalı üçün Şventokşiske bölgəsində yeni zavod tikəcək.

Ordu.az xəbər verir ki, bu qərar “Prime Alternatywna Spółka Inwestycyjna”, “Grupa Kapitałowa Valeza” və “Armaments Munition Company Global Group” (AMC) arasında investisiya və səhmdarlıq sazişlərinin imzalanmasından sonra açıqlanıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “AMC Polish Arsenal” adlı yeni birgə müəssisə yaradılacaq.

Məlumata görə, yeni müdafiə sənayesi müəssisəsi Slupya Konska bələdiyyəsində inşa olunacaq. “The Stables” adlanan layihənin tamamlanmasından sonra zavodun illik istehsal gücünün 160 min ədəd M107 tipli 155 mm-lik artilleriya sursatına çatdırılması planlaşdırılır.

Layihə çərçivəsində sənaye və texnoloji proseslərə AMC şirkəti cavabdeh olacaq. Şirkət son bir il ərzində təchizatçı şəbəkəsini genişləndirib, potensial müştərilərlə əlaqələr qurub və ümumi sahəsi 12 hektardan çox olan torpaq sahələrini satın alıb.

“Grupa Kapitałowa Valeza” isə beynəlxalq əlaqələrin inkişafı, satış sisteminin təşkili və biznesin inkişafı istiqamətində fəaliyyət göstərəcək.

Layihənin maliyyələşdirilməsini təmin etmək məqsədilə “Prime ASI” paralel olaraq 25 milyon zlotı (təxminən 5,8 milyon avro) həcmində xüsusi səhm təklifi həyata keçirir.

Əldə olunacaq vəsaitin əhəmiyyətli hissəsinin yeni yaradılan “AMC Polish Arsenal” şirkətinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Artilleriya-sursatı  


Bizi "telegram"da izləyin