Ukrayna PUA hücumu Ust-Labinsk neft bazasındakı çənlərin böyük hissəsini məhv edib - VİDEO
Oxunub: 317
12:01
19 İyun 2026
Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi Pilotsuz Uçuş Aparatı (PUA) hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərində yerləşən neft bazasındakı saxlama çənlərinin əksəriyyəti məhv edilib.
Ordu.az xəbər verir ki, bu barədə “CyberBoroshno” OSINT layihəsi tərəfindən yayımlanan peyk görüntülərinin təhlilində bildirilib.
Analitiklərin məlumatına görə, zərbənin mərkəzindən daha uzaqda yerləşən yalnız bir neçə kiçik çən salamat qalıb. Əsas çənlər kompleksinin isə tamamilə məhv edildiyi ehtimal olunur.
Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri 2026-cı il iyunun 5-dən 6-na keçən gecə neft bazasına PUA-larla zərbə endirib. Hücum nəticəsində obyektdə genişmiqyaslı yanğın baş verib.
İlkin məlumatlara əsasən, yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib. NASA-nın FIRMS monitorinq sistemi səhər saat 04:00-dan qısa müddət sonra ərazidə anormal yüksək temperatur qeydə alıb.
“Poltavskaya Neftebaza” ASC-yə məxsus neft bazası AI-92 və AI-95 markalı benzinlərin, müxtəlif növ dizel yanacağının, TS-1 aviasiya kerosininin, mazutun və qaz yanacaqlarının paylanmasını həyata keçirirdi.
Hücumdan əvvəl müəssisədə ümumi tutumu 14 950 kubmetr olan 28 saxlama çənindən ibarət kompleks fəaliyyət göstərirdi və Krasnodar diyarı ilə Adıgey Respublikasındakı müştərilərə yanacaq tədarük edirdi.
Bundan əlavə, 2026-cı il iyunun 18-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Rostov vilayətinin Qukovo şəhərində yerləşən başqa bir neft bazasına da zərbə endirib. Hücum nəticəsində yanacaq çənlərində yanğın baş verib.
Həmçinin Ukrayna Müdafiə Qüvvələrinin Moskvanın Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavoduna qarşı indiyədək ən böyük PUA hücumunu həyata keçirdiyi bildirilir.