MBDA Ukraynanın yeni “Neptune-2” qanadlı raketinin hazırlanmasına dəstək verəcək

2026/06/Ekran-1781849936.jpg
Oxunub: 223     10:13     19 İyun 2026    
Avropanın aparıcı müdafiə şirkətlərindən biri olan MBDA Ukraynanın LUCH Konstruktor Bürosu ilə yeni “Neptune-2” qanadlı raketinin birgə hazırlanmasına dair memorandum imzalayıb.

Ordu.az xəbər verir ki, MBDA şirkəti 2026-cı il iyunun 16-da imzalanan razılaşmanın Ukraynanın “Neptune” raket proqramının inkişafına və uzaqmənzilli zərbə imkanlarının artırılmasına yönəldiyini açıqlayıb.

Şirkətin məlumatına görə, əməkdaşlıq çərçivəsində raketin uzaq məsafələrdə hədəfləri məhv etmə qabiliyyətinin artırılması üçün innovativ texnologiyalar tətbiq olunacaq və Ukrayna ilə Avropa arasında strateji müdafiə əməkdaşlığı gücləndiriləcək.

“LUCH Konstruktor Bürosu və MBDA yeni nəsil “Neptune-2” raketinin hazırlanması üzərində birlikdə çalışacaq. Layihədə onun uzaqmənzilli zərbə imkanlarını genişləndirəcək qabaqcıl innovasiyalar tətbiq ediləcək”, - deyə şirkət bildirib.

MBDA qeyd edib ki, şirkət qabaqcıl raket sistemlərinin hazırlanması və silahlanmaya qəbul edilməsi üçün zəruri texnologiyalara, təcrübəyə və beynəlxalq tərəfdaşlıq imkanlarına malikdir.

LUCH Konstruktor Bürosunun isə qabaqcıl silah sistemlərinin layihələndirilməsi, hazırlanması, inteqrasiyası və istehsalı sahəsində böyük təcrübəyə sahib olduğu vurğulanıb.

Büro Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Neptune” qanadlı raket ailəsinin yaradıcısı və istehsalçısı kimi tanınır. Neptune ilkin olaraq gəmi əleyhinə raket kimi hazırlanıb və Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Moskva” kreyserinin məhv edilməsində istifadə edildiyi bildirilir.

Sonradan raketin quru hədəflərinə qarşı istifadə olunan bir neçə versiyası hazırlanıb. Onlardan biri də əlavə yanacaq tutumu hesabına uçuş məsafəsi artırılmış “Long Neptune” versiyasıdır.

Bu versiyada döyüş başlığının çəkisi 260 kiloqrama çatdırılıb ki, bu da ilkin gəmi əleyhinə raketdən 110 kiloqram çoxdur. “Neptune-D” versiyasında uçuş məsafəsi 1000 kilometrə qədər artırılıb. Müqayisə üçün, baza versiyasının uçuş məsafəsi 280 kilometr idi.

MBDA hazırda Ukraynaya beynəlxalq hərbi yardım çərçivəsində verilən “Storm Shadow” və SCALP-EG qanadlı raketlərinin istehsalçısıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Ukrayna   Neptune-2  


Bizi "telegram"da izləyin