Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın baş prokuroru Anna Vardapetyan 2025-ci il noyabrın 18-də parlamentdə keçirilən dinləmələr zamanı bildirib ki, prokurorluq Gevorq Kostanyanın və “1 Mart” işi üzrə istintaq qrupunun keçmiş rəhbəri Vahaqn Harutyunyanın Ermənistana təhvil verilməsi üçün Rusiyaya müraciət edəcək.
Qeyd olunur ki, məqsəd onların Ermənistana gətirilərək məhkəmə qarşısına çıxarılmasıdır.
İttihama əsasən, Vahaqn Harutyunyan 2008-ci il martın 1-də baş vermiş hadisələr zamanı Silahlı Qüvvələrin iştirakına dair məlumatları təhrif edib.
“İstintaqın versiyasına görə, bununla o, həmin dövrdə Ermənistan hökumətinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi olmuş Gevorq Kostanyanın xüsusilə ağır cinayətin gizlədilməsi və vəzifə saxtakarlığı törətməsinə yardım edib.
“1 Mart” işi üzrə iddia müddəti artıq başa çatıb və məhkəmə prosesi yekunlaşıb. Buna baxmayaraq, Baş Prokurorluq əvvəlki hakimiyyət nümayəndələrinə qarşı hüquqi təqibləri davam etdirir”, - deyə nəşr bildirib.
Qəzet məsələ ilə bağlı Rusiya Baş Prokurorluğunun cavabının olub-olmadığını öyrənmək üçün Ermənistan Baş Prokurorluğuna müraciət edib.
“Ermənistan Baş Prokurorluğundan bizə bildirildi ki, hər hansı məlumat əldə olunarsa, bu barədə məlumat veriləcək”, - deyə məqalədə qeyd olunub.
Nəşrin qənaətinə görə, bu cavab hazırda Rusiya tərəfindən rəsmi cavabın daxil olmadığını göstərir.
Alpər Mövludoğlu
Ordu.az