Fransa təhlükəsizlik xidməti ABŞ asılılığı riski səbəbindən “Palantir”dən imtina edib

2026/06/Ekran-1781851322.jpg
Oxunub: 235     10:38     19 İyun 2026    
Fransanın daxili təhlükəsizlik xidməti rəqəmsal müstəqilliyi gücləndirmək məqsədilə ABŞ-nin “Palantir” şirkətinin xidmətlərindən imtina edərək yerli “ChapsVision” şirkətini seçib.

Ordu.az xəbər verir ki, bu qərar Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) tərəfindən qəbul edilib.

Fransanın Baş naziri Sebastyan Lekornu ölkənin ən böyük texnologiya tədbirlərindən biri olan “VivaTech” konfransı ərəfəsində “X” sosial şəbəkəsində yayımladığı videomüraciətdə qərarın strateji asılılığın qarşısını almaq məqsədilə verildiyini bildirib.

“Biz öz süni zəka modellərimizdən istifadə etməliyik. Rəqəmsal sahədə yeni strateji asılılıqları qəbul edə bilmərik”, - deyə Lekornu vurğulayıb.

Baş nazir süni zəkanın əhəmiyyətindən danışarkən qeyd edib ki, artıq eksperiment mərhələsi başa çatıb.

Məlumata görə, DGSI 2016-cı ildən “Palantir” ilə əməkdaşlıq edir və ötən ilin dekabrında müqaviləni daha üç il müddətinə uzatmışdı.

Almaniyada kəşfiyyat xidmətlərinə parlament nəzarəti komissiyasının rəhbəri Mark Henrixmann da “Palantir”in “Avropa alternativi” ilə əvəzlənəcəyini açıqlayıb.

Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsi (BfV) də Fransanın “ChapsVision” şirkətini və onun ArgonOS proqram təminatını seçib.

“Palantir” şirkəti ABŞ-li milyarder Piter Til tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəyi ilə yaradılıb. Şirkət böyük həcmli məlumatların emalı və xüsusi analitik tapşırıqlar üçün süni zəka sistemlərinin hazırlanması sahəsində geniş təcrübəyə malikdir.

2023-cü ildə “Palantir” və Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi şirkətin texnologiyalarının Ukraynanın müdafiəsinə dəstək məqsədilə istifadəsi barədə tərəfdaşlıq elan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ   Palantir  


Bizi "telegram"da izləyin