Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Brüsseldə keçirilən sammitdə Avropa İttifaqına üzv ölkələrin liderləri Rusiyaya qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlərin müddətinin 12 ay uzadılması barədə razılıq əldə ediblər. Bundan əvvəl Rusiyanın iqtisadiyyatının ayrı-ayrı sahələrinə tətbiq olunan sanksiyalar hər altı aydan bir təşkilatın 27 üzvünün yekdil qərarı ilə yenilənirdi.
“Euronews”un məlumatına əsasən, sanksiyaların bir il müddətinə uzadılması Ukrayna üçün daha yüksək proqnozlaşdırıla bilən mühit yaratmağa hesablanıb. Bununla belə, fərdi sanksiyalar əvvəlki qaydada hər altı aydan bir yenidən təsdiqlənəcək və bu proses adətən bəzi şəxslərin qara siyahıdan çıxarılması ilə müşayiət olunur.
Avropa İttifaqı Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin mart ayında Krımın ilhaqından sonra tətbiq etməyə başlayıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra isə məhdudiyyətlər daha da sərtləşdirilib. Bu günədək Avropa İttifaqı Rusiyaya qarşı 20 sanksiya paketi və bir neçə əlavə məhdudiyyət paketi qəbul edib.
Daha əvvəl Avropa Komissiyası 21-ci sanksiya paketinin hazırlanması barədə məlumat vermişdi. Gözlənilir ki, yeni paket Rusiyanın bank sektorunu və hərbi-sənaye kompleksini əhatə edəcək. Həmçinin Rusiya hərbçilərinin Avropa İttifaqı ərazisinə girişinə qadağa tətbiq olunacaq.
Bundan əlavə, məhdudiyyətlərin Rusiyanın “kölgə donanması”na da şamil ediləcəyi bildirilir. Hazırda sanksiya siyahısında olan 632 gəminin sırasına daha 30 gəminin əlavə olunacağı gözlənilir.
İyunun ortalarında Avropa İttifaqı Rusiya vətəndaşları və hüquqi şəxslərinə qarşı sanksiyalar siyahısını da genişləndirib. Siyahıya Rusiyanın baş prokuroru Aleksandr Qutsan, Rusiya prezidentinin yanında uşaq hüquqları üzrə keçmiş müvəkkil Pavel Astaxov, Vladimir Putinin “mənəvi atası” hesab olunan Rus Pravoslav Kilsəsinin yepiskopu Tixon və digər şəxslər daxil edilib. Ümumilikdə son üç qərar çərçivəsində 34 nəfər və 47 təşkilat sanksiyalar altına düşüb.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas qəbul edilən tədbirləri aralıq xarakterli “mini paket” adlandırıb.
Eyni zamanda, Bolqarıstanın baş naziri Rumen Radev ölkəsinin Rusiyaya qarşı Avropa İttifaqının 21-ci sanksiya paketinə veto qoyacağını açıqlayıb. O, bu qərarı məhdudiyyətlərin ölkə iqtisadiyyatına mənfi təsiri və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalarla razılaşmaması ilə əsaslandırıb.
Bolqarıstan hökumətinin başçısı xüsusilə gübrə və Sofiya metrosu üçün ehtiyat hissələrinin tədarükündə yarana biləcək problemlərə diqqət çəkib.
Sevinc Əliyeva
Ordu.az