KNDS yeni RCH 155 LORAS özüyeriyən artilleriya sistemini təqdim edib

2026/06/Ekran-1781849624.jpg
Oxunub: 224     10:10     19 İyun 2026    
KNDS şirkəti yeni RCH 155 LORAS (Long Range Artillery System) tırtıllı özüyeriyən artilleriya qurğusunu təqdim edib.

Ordu.az xəbər verir ki, yeni sistem Parisdə keçirilən “Eurosatory” beynəlxalq sərgisində nümayiş olunub.

RCH 155 LORAS sistemi RCH 155 özüyeriyən artilleriya qurğusunda istifadə olunan avtomatlaşdırılmış və uzaqdan idarə olunan AGM döyüş modulunun atəş gücünü, “Boxer” platformasının tırtıllı versiyasının yüksək müdafiə və hərəkət imkanları ilə birləşdirir.

155 mm çaplı və 52 çap uzunluğunda lüləyə malik pilotsuz AGM qülləsi istənilən yüksəliş bucağında 360 dərəcə sektorda fəaliyyət göstərə bilir.

Platformanın döyüş çəkisi təxminən 45 tondur və 17 tona qədər çəkisi olan döyüş modullarını daşıya bilir. Güc qurğusu MTU dizel mühərriki və Renk HSWL-256 transmissiyasından ibarətdir. Sistem 900 kVt güc hasil edir, maksimal sürəti saatda 70 kilometrə, hərəkət məsafəsi isə 500 kilometrə çatır.

Artilleriya sistemi Rheinmetall tərəfindən istehsal olunan L52 tipli 155 mm top ilə təchiz edilib. Bu silah RCH 155 və “Panzerhaubitze 2000” sistemlərində istifadə olunan topla eynidir.

Sistemin maksimal atəş tempi dəqiqədə səkkiz mərmidən çoxdur. Mərmilərin və modul barıt yüklərinin qidalanması tam avtomatlaşdırılıb. Döyüş dəsti 30 hazır mərmi və 144 modul barıt yükündən ibarətdir.

RCH 155 LORAS ilk dəfə 2025-ci ilin oktyabrında keçirilən AUSA sərgisində ABŞ ordusunun köhnəlmiş M109A7 özüyeriyən haubitsalarını əvəz edə biləcək namizədlərdən biri kimi nümayiş etdirilmişdi.

Bundan əvvəl AGM döyüş modulunun MARS yaylım atəşli reaktiv sistemi şassisi üzərində yerləşdirilən versiyası da hazırlanmışdı, lakin həmin layihə seriya istehsalına keçməmişdi.

Eyni döyüş modulundan istifadə edən daha bir sistem, yəni NEMESIS özüyeriyən artilleriya qurğusu İspaniyanın ASCOD piyada döyüş maşını şassisi üzərində yaradılıb. İspaniya Silahlı Qüvvələri ümumilikdə bu tipdən 128 sistem əldə etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   RCH   155   LORAS  


Bizi "telegram"da izləyin