Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib

2026/06/1781858545.jpg
Oxunub: 185     12:22     19 İyun 2026    
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və BP şirkətinin dəstəyi ilə 15–19 iyun 2026-cı il tarixlərində İsmayıllıda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi baş tutub.

Ordu.az xəbər verir ki, düşərgədə ölkənin müxtəlif bölgələrindən olan 50 nəfər şəhid övladı iştirak edib.

Beş gün davam edən düşərgədə şəhid övladları üçün zəngin təlim, intellektual, sosial və əyləncəli proqramlar təşkil edilib. İştirakçılar korporativ ünsiyyət bacarıqları, emosional zəka, sosial media savadlılığı, özünüinkişaf və STEAM istiqamətlərində təlimlərə qatılıb, tanınmış mütəxəssislərlə görüşlərdə, intellektual yarışlarda və komanda quruculuğu fəaliyyətlərində iştirak ediblər. Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyli ilə "Hekayəni özün yaz" mövzusunda görüş xüsusilə yaddaqalan olub. Bununla yanaşı, Basqal qəsəbəsi və İvanovka kəndinə ekskursiyalar təşkil olunub, müxtəlif idman və yaradıcılıq fəaliyyətləri həyata keçirilib.

19 iyun 2026-cı il tarixində düşərgənin rəsmi bağlanış mərasimi keçirilib. Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, İsmayıllı rayonunun təhsil sektorunun müdiri Rəşid Məmmədov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, şəhid övladlarının inkişafına yönələn bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda düşərgə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların fərdi və intellektual inkişafına dəstək, eləcə də gənclər arasında birlik və bərabərlik hisslərini gücləndirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Basqal   Zəfər   Şəhid-ailəsi  


Bizi "telegram"da izləyin