Vaşinqton-Tehran xəttində gizli pakt: İsrail İran-ABŞ anlaşmasını pozacaqmı?

2026/06/1781859440.jpg
Oxunub: 305     12:55     19 İyun 2026    
İsrailin rusdilli “Vesty” nəşrinə məlum olduğu kimi, gələn həftə ABŞ-də İsrail-Livan danışıqlarının ikinci mərhələsi başlayacaq. Nəşrin məlumatına görə, Livan Prezidenti Cozef Aun qapalı müzakirə keçirib və onun yekunlarına əsasən danışıqlarda aşağıdakı mövqe müəyyənləşdirilib: atəşin tam dayandırılması, İsrail qoşunlarının ölkənin cənub rayonlarından çıxarılması və Livan Silahlı Qüvvələrinin İsraillə sərhəd boyunca yerləşdirilməsi.

Livanda atəşkəsin təmin olunması İran-ABŞ “anlaşma memorandumu”na daxil edilib. İsrailin Baş naziri Binyamin Netanyahu isə bəyan edib ki, “Yəhudi dövləti ABŞ ilə İran arasında əldə olunmuş razılaşmalara tabe olmaq öhdəliyi daşımır”. O dəqiqləşdirib ki, İsrail Silahlı Qüvvələri “bufer zonasında İsrailin şimal rayonlarının əhalisinin təhlükəsizliyi tam təmin olunana qədər qalacaq”.

Ümumilikdə İsraildə İran-ABŞ “sövdələşməsi”ndən ciddi narazılıq var, lakin Livanın cənubundakı vəziyyətlə bağlı fikir ayrılıqları artıq açıq şəkildə üzə çıxıb. Problem ikiqat mürəkkəbdir, çünki Livan hökumətinin “Hizbullah” hərbi-siyasi təşkilatı üzərində faktiki olaraq heç bir təsiri yoxdur. İsraildə əmin deyillər ki, Livan hökuməti ilə əldə olunacaq atəşkəs razılaşması praktikada icra ediləcək. Öz növbəsində “Hizbullah” İsraillə sərhədin Livan ordusunun nəzarətinə verilməsi təklifinə qarşı çıxır.

ABŞ ilə imzalanmış “anlaşma memorandumu” vasitəsilə İran faktiki olaraq Yaxın Şərqdə “şiə oxu”nun və xüsusilə Livan üzərində “nəzarət hüququ”nun legitimləşdirilməsinə nail olub. Son dərəcə vacib məqam ondan ibarətdir ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampın dolayı şəkildə səsləndirdiyi “Hizbullah”a qarşı hərbi əməliyyatların başlanması təklifini qəbul etməyib. Ehtimal etmək olar ki, bu “imtinanın müəllifi” İranla qarşıdurmadan yayınmağa çalışan Türkiyədir.

ABŞ vasitəçiliyi ilə keçirilən İsrail-Livan danışıqlarının ikinci mərhələsi hansı nəticə verəcək? Əgər Livanda döyüş əməliyyatları dayanmasa və ya atəşkəsdən sonra İsrail qoşunları “bufer zonasında” qalmağa davam etsə, onsuz da mürəkkəb olacaq İran-ABŞ danışıqları “çıxılmaz vəziyyətə” düşə bilər.

İsrailli ekspert, keçmiş xüsusi xidmət əməkdaşı Miqdal belə bir fikir bildirib ki, Netanyahu “siyasi uçurumun kənarında dayanıb və ondan istənilən addımı gözləmək olar”. Bu arada, “Reuters” agentliyinin məlumatına görə, 2026-cı il iyunun 19-da Cenevrədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “ilk dəfə üz-üzə görüş keçirəcəklər”. Lakin bu görüş İsrailin “regionu partlatmaması” məsələsini həll edə biləcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran   İsrail   İran   ABŞ  


Bizi "telegram"da izləyin