Ordu.az xəbər verir ki, Böyük Britaniya hökumətinin açıqlamasına əsasən, Rusiya mayeləşdirilmiş təbii qazını daşıyan bir sıra tanker gəmiləri sanksiya siyahısına daxil edilib.
Yeni məhdudiyyətlər həmçinin Qərb sanksiyalarından yayınmaq və Rusiyanın hərbi satınalmalarını maliyyələşdirmək üçün istifadə olunan maliyyə şəbəkələrini hədəfə alır.
Məlumata görə, sanksiya tətbiq olunan gəmilərin sayı, o cümlədən “kölgə donanması”na aid tankerlər və qazdaşıyan gəmilər daxil olmaqla, 600-dən çox olacaq.
Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk bildirib ki, Böyük Britaniyanın yeni sanksiyalar paketi Rusiyanın hərbi-sənaye texnologiyaları üçün satınalma şəbəkələrini, sanksiyalardan yayınmaq üçün istifadə olunan maliyyə infrastrukturunu və enerji ixracından əldə edilən gəlirləri hədəfə alır.
Onun sözlərinə görə, Rusiyaya sanksiyalardan yayınmağa kömək edən banklar və kriptovalyuta ödəniş sistemlərinə qarşı tədbirlər də mühüm əhəmiyyət daşıyır.
Sanksiyalar çərçivəsində Qırğızıstanda qeydiyyatdan keçmiş və mənşəcə Rusiya ilə əlaqələndirilən A7 kripto platformasına bağlı şirkətlər də siyahıya daxil edilib.
Bundan əlavə, “Wildberries Bank” və “Yandex Bank” da sanksiyalara məruz qalıb. Bu addım iri texnologiya şirkətlərinin maliyyə sistemlərindən beynəlxalq əməliyyatlar və sanksiyalardan yayınma məqsədilə istifadənin qarşısını almağa yönəlib.
Rusiyaya ikili təyinatlı məhsullar tədarük edən bir sıra Çin şirkətləri də sanksiya siyahısına daxil edilib. Bunlar arasında “Shenzhen Huaxin Antenna Technology”, “ComNav Technology”, “SHTRAL Technology” və “SHTRAL Makine” yer alır.
Kanadanın Baş naziri Mark Karni isə G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiyanın “kölgə donanması”, enerji gəlirləri, müdafiə sənayesi və dezinformasiya fəaliyyətlərinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Ümumilikdə yeni Kanada sanksiyalar paketi Rusiyanın hərbi maşını ilə əlaqəli 162 fiziki və hüquqi şəxsi, gəmini və aktivi əhatə edir.
Sevinc Əliyeva
Ordu.az