Şəhər Savaşlarının Gizli Hakimi: NLAW Sistemləri Fransa Ordusunun Taktiki Ssenarisini Necə Dəyişəcək?

2026/06/1781846494.jpg
Oxunub: 213     09:08     19 İyun 2026    
Fransa müharibə şəraitində geniş və yüksək effektivliklə istifadə edilmiş Britaniya-İsveç istehsalı NLAW tank əleyhinə silahını istismar edən dördüncü NATO ölkəsi olacaq.

Daha bir NATO ölkəsi artıq SAAB şirkətinin NLAW (Next Generation Light Anti-tank Weapon) sistemini qəbul etməyə hazırlaşır. Daşınan raket buraxılış sistemləri tank əleyhinə piyada qruplarının təchiz edilməsində istifadə olunacaq. Çərşənbə axşamı Fransanın Baş Silahlanma İdarəsi (Direction Générale de l’Armement) İsveçin müdafiə sənayesi şirkəti olan “Saab” ilə müqavilə imzalayıb. NLAW sistemlərinin təhvilinə bu ilin sonlarında başlanılması və 2030-cu ilə qədər davam etdirilməsi nəzərdə tutulur.

Fransa Silahlı Qüvvələri açıqlanmayan sayda NLAW sistemi, həmçinin qapalı və açıq məkanlar üçün təlim avadanlıqları alacaq. Müqavilə şərtləri Parisə gələcəkdə sifariş həcmini artırmaq imkanı da verir.

“NLAW Fransa ordusunun döyüş meydanındakı imkanlarını dəyişdirəcək yeni tank əleyhinə qabiliyyət təqdim edəcək. NLAW fərdi əsgərə bir neçə saniyə ərzində ən ağır zirehli hədəfi belə məhv etmək imkanı verməklə misilsiz effektivlik təmin edir. Daha əvvəl Fransa Silahlı Qüvvələrinə həm AT4, həm də “Carl-Gustaf” M4 sistemlərini təhvil vermiş bir şirkət kimi, NLAW imkanlarını da Fransaya təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə “Saab Dynamics” bölməsinin rəhbəri Görgen Yohansson şirkətin rəsmi açıqlamasında bildirib.

Hazırda NLAW sistemi NATO-nun üç üzvünün arsenalında mövcuddur: İsveç, Böyük Britaniya və Finlandiya.

“[NLAW] mürəkkəb hazırlıq prosedurları tələb etmədən innovativ texnologiyalara əsaslanan müstəsna tank əleyhinə imkanlar təqdim edir. Onun ağıllı idarəetmə sistemi sayəsində bir əsgər tək atəşlə istənilən müasir əsas döyüş tankını binanın içərisindən, künc arxasından və ya örtük arxasından məhv edə bilər”, - deyə “Saab” bildirib.

Pilotsuz Uçuş Aparatı (PUA) müharibəsi dövründə belə daşınan raket buraxılış sistemləri hələ də kritik əhəmiyyət daşıyır

Ukraynadakı müharibənin ilk mərhələlərində Rusiya zirehli kolonlarının qarşısını alan əsas silah PUA-lar olmayıb. Əksinə, Qərb istehsalı müxtəlif tank əleyhinə silahlar Ukraynanın çevik və müstəqil fəaliyyət göstərən bölmələrinə pusqu quraraq Rusiya tanklarını məhv etməyə imkan verib və bununla da Kremlin say üstünlüyünü əhəmiyyətsiz hala gətirib. Xüsusilə ABŞ istehsalı FGM-148 “Javelin”, İsveç istehsalı AT4 və Britaniya-İsveç istehsalı NLAW sistemləri Kiyevə doğru ilkin irəliləyişi dayandırıb.

Yaxın məsafəli və şəhər döyüşləri üçün hazırlanmış NLAW bir çox mütəxəssis tərəfindən ən effektiv sistem hesab olunurdu. Çünki o, “Overfly Top Attack” (OTA) adlı yuxarıdan hücum rejiminə malikdir. Bu rejim sayəsində sistem hətta qismən örtük arxasında yerləşən Rusiya tanklarını da məhv edə bilirdi.

Müasir döyüş meydanında PUA-lar ən böyük dəyişiklik yaradan amil olaraq qalsa da, daşınan NLAW sisteminin rolu kiçildilə bilməz. Bu silah yaxın məsafəli şəhər döyüşlərində, piyadaların dəstəklənməsində və ön xəttdə zirehli hədəflərin məhv edilməsində hələ də əvəzolunmaz hesab olunur.

“Tank əleyhinə sistemlərə, o cümlədən NLAW-a tələbat artır. Böyük Britaniya ilə sıx əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik və özünü sübut etmiş, etibarlı tank əleyhinə imkanlarımızı təqdim etməyə davam etməkdən qürur duyuruq”, - deyə “Saab” şirkətinin prezidenti və baş icraçı direktoru Mikael Yohansson 2023-cü ildə Böyük Britaniyanın da NLAW sifarişlərini artırmasından sonra bildirmişdi.

NLAW raket buraxılış qurğusunun texniki xüsusiyyətləri

Çəkisi: ümumi sistem üzrə 12,5 kq
Uzunluğu: 1,016 metr
Effektiv mənzili: sabit və ya hərəkətdə olan hədəflərə qarşı 20 metrdən 800 metrədək
İdarəetmə sistemi: “Predicted Line of Sight” (PLOS)
Hücum rejimləri: “Overfly Top Attack” (OTA) və “Direct Attack” (DA)
Döyüş başlığı: 150 mm çaplı yüksək partlayış qabiliyyətli tank əleyhinə (HEAT) döyüş başlığı, 500 mm-dən çox zirehi dəlmək qabiliyyətinə malikdir


Böyük Britaniya müharibə müddətində Ukraynaya 5500-dən çox NLAW sistemi təqdim edib və bu silahlar Kiyevin müdafiə əməliyyatlarının mühüm komponentlərindən biri olub. NLAW möhkəmləndirilmiş tikililərə, zirehli yerüstü texnikaya və hətta aşağı hündürlükdə uçan helikopterlərə qarşı effektivdir. NLAW ABŞ istehsalı “Javelin” sistemi ilə müqayisədə daha qısa mənzilə malik olsa da, onun xüsusiyyətləri müəyyən döyüş şəraitlərində istifadəsini daha uyğun edir. Xüsusilə yaxın məsafəli şəhər döyüşlərində “Saab” şirkətinin bu tank əleyhinə silahı hazırda xidmətdə olan ən effektiv daşınan tank əleyhinə sistemlərdən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NLAW   NATO   SAAB  


Bizi "telegram"da izləyin