Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, müxalif qüvvələr Azərbaycanla sülh prosesinin növbəti mərhələlərindən birinin azərbaycanlıların Ermənistanda məskunlaşdırılması ola biləcəyini iddia edirlər. Ermənistan hakimiyyəti isə bu fikirləri siyasi manipulyasiya və təbliğat üsulu kimi qiymətləndirərək rədd edir.
Məqalədə qeyd olunur ki, İrəvanda belə bir gündəliyin mövcud olub-olmaması müzakirə edildiyi bir vaxtda, Azərbaycanda bu istiqamətdə işlər sistemli şəkildə davam etdirilir.
“2026-cı il iyunun 18-19-da Naxçıvanın Ordubad şəhərində “Qərbi Azərbaycana Qayıdış” III Konqres-Festivalı keçirilir. Tədbir Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində elmi, mədəni və ictimai xarakterli müzakirələr aparılır. Təşkilatçılar əsas məqsədin Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması və qayıdış ideyasının təşviqi olduğunu bildirirlər. Məsələ yalnız mədəni tədbirlə məhdudlaşmır. Konqresdə səsləndirilən çıxışlar Bakının Ermənistana yönəlmiş siyasi tələblərini məskunlaşma hüquqları formasında təqdim etməyə davam etdiyini göstərir”, - deyə müəllif yazıb.
Məqalədə bildirilir ki, Qərbi Azərbaycan İdarə Heyətinin sədri, Azərbaycan parlamentinin deputatı Əziz Ələkbərli konqresdə çıxışı zamanı belə deyib: “Davamlı sülhün əsas şərtlərindən biri Qərbi Azərbaycandan köçürülmüş insanların hüquqlarının tanınması və onların doğma yaşayış məntəqələrinə qayıtması üçün şərait yaradılmasıdır”.
Nəşrə görə, Ələkbərli qeyd edib ki, son illərdə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi iş aparılıb, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib və bu məsələ beynəlxalq gündəliyə daxil edilib.
O həmçinin vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır.
Konqres çərçivəsində jurnalistlərlə söhbətində isə o bildirib: “Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar açıq şəkildə göstərir ki, qərbi azərbaycanlıların qayıdışı qaçılmazdır. Ermənistan rəhbərliyi gecikməməli və soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıtması üçün şərait yaratmalıdır”.
Məqalədə qeyd olunur ki, Qərbi Azərbaycan İcması hələ 2023-cü ildə “Qayıdış Konsepsiyası” adlı sənəd dərc edib. Həmin sənəddə azərbaycanlıların Ermənistan ərazisinə qayıdışının təmin edilməsi üçün nəzərdə tutulan addımlar ətraflı təsvir olunub.
“Konsepsiyada Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsində xüsusi müddəanın yer alması, Ermənistanın qayıdış üçün şərait yaratmaq öhdəliyi götürməsi, beynəlxalq təhlükəsizlik missiyalarının yerləşdirilməsi, əvvəlki yaşayış coğrafiyasının bərpası, mülkiyyət məsələlərinin həlli və Azərbaycan dilinin istifadəsi kimi məsələlərdən bəhs edilir.
Yəni İrəvanda 300 min azərbaycanlının məskunlaşdırılması məsələsi mövcud olmayan gündəlik kimi təqdim edilsə də, Azərbaycan tərəfi təkcə qayıdışdan danışmır, həm də bunun siyasi, hüquqi və təşkilati əsaslarını formalaşdırıb”, - deyə məqalədə bildirilir.
Qəzet xatırladır ki, baş nazir Nikol Paşinyan seçkiqabağı görüşlərin birində müxalifətin bu mövzu ilə bağlı iddialarına cavab verərək bildirib: “İndi də yeni bir yalan uydurublar ki, “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlsə, 300 min azərbaycanlı Ermənistana qayıdacaq. Azərbaycanla münasibətlər gündəliyimizdə və ümumiyyətlə beynəlxalq gündəliyimizdə belə bir məsələ heç vaxt olmayıb”.
Paşinyanın sözlərinə görə, bəzi siyasi qüvvələr bu mövzunu qəsdən Ermənistanın siyasi gündəminə gətirərək cəmiyyətdə qorxu yaratmağa çalışırlar.
Nəşrin qənaətinə görə, Bakı Qarabağ məsələsinin bağlanmasından sonra beynəlxalq platformalarda yeni siyasi gündəlik formalaşdırmağa çalışır.
“Bu gündəliyin əsasını qayıdış hüququ anlayışı təşkil edir. Hazırda bu məsələ insan hüquqları kontekstində təqdim olunsa da, gələcəkdə daha geniş siyasi tələblər paketinə çevrilə bilər”, - deyə məqalədə vurğulanır.
Qəzet həmçinin qeyd edir ki, konqresin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Azərbaycan rəsmiləri dəfələrlə Naxçıvanı qərbi azərbaycanlılar üçün tarixi yaddaşın simvolu adlandırıblar.
“Ermənistan daxilində mübahisələr davam etdiyi halda, Azərbaycan özünün formalaşdırdığı gündəliyi beynəlxalq səviyyədə möhkəmləndirmək istiqamətində fəaliyyətini davam etdirir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az