İran parlamentinin sədri ABŞ-ni memorandumun şərtlərini pozacağı təqdirdə “dağıdıcı cavab”la hədələyib

2026/04/1775835779.jpg
Oxunub: 196     08:28     19 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, Tehran qarşıdakı danışıqlarda ABŞ ilə əldə olunmuş razılaşmanın icrasına nail olmağa çalışacaq, lakin Vaşinqton öhdəliklərini pozacağı və ya həddindən artıq tələblər irəli sürəcəyi təqdirdə buna sərt cavab veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində paylaşım edib.

Qalibaf bildirib ki, İranın Ali Rəhbəri tərəfindən qarşıya qoyulan əsas vəzifə əldə olunmuş razılaşmanın şərt və maddələrinin tam şəkildə həyata keçirilməsinə nail olmaqdır.

“Qarşımızda Ali Rəhbər tərəfindən qoyulan vəzifə razılaşmanın şərt və maddələrinin icrasına nail olmaqdır. Qarşı tərəfin qeyri-səmimiliyi, əldə olunmuş razılaşmaların pozulması və həddindən artıq tələblər irəli sürməsi halında tərəddüd etmədən düşmənə dağıdıcı cavab verəcəyik”, - deyə Qalibaf vurğulayıb.

O, həmçinin ABŞ-ni yenidən hərbi qarşıdurma yolunu seçəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyi barədə xəbərdar edib.

Məlumata görə, İran və ABŞ arasında daha əvvəl imzalanmış anlaşma memorandumunun icrasına dair danışıqların 2026-cı il iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində başlanması gözlənilir.

Danışıqlarda ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin