Paşinyanın komanda yoldaşı son 5 ildə 6 daşınmaz əmlak əldə edib

2026/06/1781861117.jpg
Oxunub: 188     13:20     19 İyun 2026    
Ermənstanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdəki deputatı Vahe Qalumyanın son beş il ərzində altı daşınmaz əmlak əldə etdiyi məlum olub.

Ordu.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinin kirvəsi olan Tavus vilayətinin rəisi Hayk Qalumyanın qardaşı, parlamentin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan 2025-ci ildə Tavus vilayətinin İcevan icmasında dörd yeni torpaq sahəsi əldə edib və bunun üçün 9 milyon dram ödəyib.

Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim etdiyi illik bəyannaməyə əsasən, Vahe Qalumyan ümumilikdə səkkiz daşınmaz əmlaka malikdir. Bunlara altı torpaq sahəsi, İrəvanın Arabkir rayonunda yerləşən çoxmənzilli binadakı mənzilin üçdəbir hissəsi və İcevan şəhərində yerləşən fərdi yaşayış evi daxildir. Bildirilir ki, həmin əmlakların altısını o, hakimiyyət dəyişikliyindən sonra, 2021-2025-ci illər ərzində əldə edib.

Hesabat ilində deputat 9 milyon 500 min dram və 1008 ABŞ dolları həcmində nağd vəsait bəyan edib.

Qalumyanın 2025-ci ildə ümumi gəliri 44 milyon 547 min 209 dram təşkil edib. Bu məbləğin 15 milyon 395 min 448 dramı parlamentdən aldığı əməkhaqqından, 18 milyon 500 min dramı Narek Ohanyandan əldə etdiyi əmlak hüquqları gəlirindən, 2 milyon 851 min 761 dramı Maliyyə Nazirliyi tərəfindən qaytarılmış gəlir vergisindən, 7 milyon 800 min dramı isə ianə şəklində aldığı vəsaitdən formalaşıb.

Bəyannaməyə görə, deputatın kredit və borclarının əsas məbləği 2025-ci ilin sonuna 25 milyon 938 min 498 dram təşkil edib. O, həmin il bu öhdəliklərin ödənilməsi üçün 3 milyon 567 min 192 dram vəsait yönəldib.

Məlumatda qeyd olunur ki, Vahe Qalumyan 2025-ci ildə həmçinin 26 milyon dram məbləğində birdəfəlik xərc də həyata keçirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənstan   Qalumyan  


Bizi "telegram"da izləyin