Ermənistan “Airbus”dan 6 ədəd H145 helikopteri alır

2026/06/Ekran-1781804529.jpg
Oxunub: 355     21:39     18 İyun 2026    
Ermənistan “Airbus Helicopters” şirkəti ilə 6 ədəd H145 helikopterinin alınmasına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə Fransa Prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfəri zamanı imzalanıb.

Məlumata görə, tədarük ediləcək H145 helikopterləri əsasən nəqliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün istifadə olunacaq. “Airbus” şirkətinin açıqlamasında bildirilib ki, bu satınalma Ermənistan ilə “Airbus Helicopters” arasında bağlanmış ilk müqavilədir və ölkənin helikopter parkının öz sinfinə məxsus ən çevik və etibarlı platformalardan biri ilə modernləşdirilməsinin göstəricisidir.

“Airbus Helicopters” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə vitse-prezidenti Lüdovik Buasto bildirib ki, Ermənistanın “Airbus Helicopters” ailəsinə qoşulmasından məmnundurlar.

“Bu ilk müqavilə şirkətimizlə Ermənistan arasında inkişaf edən tərəfdaşlığın göstəricisidir. Ermənistanın hava imkanlarının modernləşdirilməsinə dəstək verməkdən qürur duyuruq. H145 erməni qurumlarına ən çətin nəqliyyat tapşırıqlarını yerinə yetirmək üçün lazım olan çeviklik və etibarlılığı təmin edəcək özünü təsdiqləmiş platformadır. Qarşıdakı illərdə əməkdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə o qeyd edib.

Şirkətin məlumatına görə, hazırda H145 ailəsinə məxsus 1800-dən çox helikopter istismardadır və onlar ümumilikdə 8,5 milyondan artıq uçuş saatı yerinə yetiriblər.

İki ədəd “Safran Arriel 2E” mühərriki ilə təchiz olunan H145 tam səlahiyyətli rəqəmsal mühərrik idarəetmə sistemi (FADEC) və “Helionix” rəqəmsal avionik paketi ilə təchiz edilib. “Airbus”ın bildirdiyinə görə, aşağı səs göstəricisi H145-i öz sinfinə məxsus ən səssiz helikopterlərdən birinə çevirir. Eyni zamanda karbon emissiyası da rəqibləri ilə müqayisədə daha aşağı səviyyədədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Airbus   H145  


Bizi "telegram"da izləyin