90-cı İllərin Kölgəsi Peterburqun Üzərində: “Antikvar”ın Keçmiş Münasibətləri Niyə Xilas Olmadı?

2026/06/1781809055.jpg
Oxunub: 229     22:57     18 İyun 2026    
İyunun 17-də Sankt-Peterburqun “Fontanka.ru” nəşri iş adamı İlya Qraberin saxlanılması barədə məlumat yayıb. Nəşrin yazdığına görə, onun evində, ofisində və bir neçə müəssisəsində axtarış aparılıb, bundan sonra Qraber “Moskvaya aparılıb”. İlya Qraber Sankt-Peterburqda və Rusiyanın biznes dairələrində “Antikvar” ləqəbi ilə tanınır. Buna səbəb onun sahibkarlıq fəaliyyətinə 1990-cı illərdə qədim əşyaların bərpası və satışı işi ilə başlamasıdır. “Fontanka”nın məlumatına görə, o, həmin illərdə “Vladimir Putinlə yaxın münasibətlər qurub”.

Həmin günün axşam saatlarında Moskva birinci instansiya məhkəmələrinin mərkəzləşdirilmiş mətbuat xidməti məlumat yayıb ki, İlya Qraber “iki aylıq müddətə həbs edilib”. Ona qarşı “qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə” maddələri ilə ittiham irəli sürülüb.

TASS-ın məlumatına görə, İlya Qraber Sankt-Peterburqlu iş adamı və şəhər dumasının deputatı Aleksandr Petrovun “qətlinin sifarişçisi olmaqda” ittiham olunur. Petrov 2020-ci il oktyabrın 24-də Vıborq rayonunun Velikoye kəndində yerləşən bağ evinin həyətində snayperin bir atəşi ilə öldürülüb. İstintaqın versiyasına görə, Petrovun qətlini tanınmış boksçu Alisultan Nadirbeqov həyata keçirib və Qraber buna görə ona pul ödəyib.

Altı il əvvəl baş vermiş qətlin hansı şəraitdə “açılması” ilə bağlı Rusiya mətbuatı hər hansı məlumat yaymayıb. Bununla belə, diqqət çəkən məqam odur ki, Qraberin evində, ofisində və bir neçə müəssisəsində aparılan axtarışlarda təkcə İstintaq Komitəsinin deyil, həm də Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak ediblər. Bu miqyasda aparılan istintaq tədbirlərinin yalnız iş adamı Petrovun qətli ilə əlaqəli olması inandırıcı görünmür. Xüsusilə də Nadirbeqovun da saxlanıldığını nəzərə alsaq.

Sankt-Peterburqun “Fontanka” nəşri Qraberin sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kimi “liman yükdaşımalarını” göstərib və ehtimal edib ki, “yəqin bu infrastrukturun başqa şəxsin idarəçiliyinə verilməsinə ehtiyac yaranıb”. Bu işarənin nəyə və ya kimə aid olduğu isə ehtimallar sahəsinə aiddir. Fakt budur ki, Sankt-Peterburq və Kronştadt limanlarının infrastrukturu iyunun əvvəlində Ukrayna pilotsuz uçuş aparatlarının hədəfli hücumlarına məruz qalıb.

İstisna deyil ki, İlya Qraber Rusiya Prezidentinin etimadını itirib və hüquq-mühafizə orqanları ona sadəcə altı il əvvəl “sifariş verdiyi qətli” xatırladıblar. Bu rezonans doğuran həbs göstərir ki, Rusiyanın biznes elitası xüsusi xidmət orqanlarının “böyüdücü şüşəsi altında” saxlanılır və “əsas xəttdən bir addım sağa və ya sola yayınan” heç kim əmlakını itirməkdən və cinayət təqibinə məruz qalmaqdan sığortalanmayıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sankt-Peterburq   İlya-Qraber   Rusiya   Antikvar  


Bizi "telegram"da izləyin