Ordu.az xəbər verir ki, bunu Ukrayna ombudsmanının müavini Mixaylo Spasov Beynəlxalq Bakı Ombudsmanlar Sammiti çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar dezinformasiya yaratmağa və yaymağa, eləcə də məzmunu manipulyasiya etməyə imkan verir, bu da təkcə vətəndaşların etibarlı məlumat almaq hüququna xələl gətirmir, həm də cəmiyyətin dövlət institutlarına və kütləvi informasiya vasitələrinə inamını sarsıdır.
"Uşaqların və gənclərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz fəaliyyətlərə cəlb edilməsi, həmçinin onların şüuruna psixoloji təsir göstərilməsi üçün rəqəmsal texnologiyalardan istifadə olunması xüsusi narahatlıq doğurur. Eyni zamanda, uşaqlar, gənclər, əlilliyi olan şəxslər və yaşlı insanlar da daxil olmaqla, əhalinin həssas qrupları bu cür təsirlərə qarşı xüsusilə həssasdır, çünki onların rəqəmsal məzmunu tənqidi təhlil etmək və ya rəqəmsal mühitdə öz hüquqlarını qorumaq imkanları məhdud ola bilər", - o qeyd edib.
M. Spasov vurğulayıb ki, Ukraynada süni intellektin inkişafı şəraitində insan hüquqlarının qorunması ombudsman ofisinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Biz müntəzəm olaraq insan hüquqlarını süni intellekt texnologiyalarının tətbiqi prosesinin mərkəzində qoyan yanaşmaların tətbiq edilməsi zərurəti ilə bağlı tövsiyələr veririk", - o bildirib.
Spasov həmçinin Ukraynada rəqəmsallaşma sürəti ilə hüquqi müdafiə mexanizmlərinin inkişafı arasında mövcud olan disbalansa diqqət yetirib:
"Hazırda Ukraynanın hüquq sistemində müəyyən bir paradoks mövcuddur: dövlət xidmətlərinin yüksək rəqəmsallaşma səviyyəsi fərdi məlumatların qorunmasına dair hüquqi təminatların inkişafını qabaqlayır. Buna görə də, süni intellekt texnologiyalarının istifadəsi üçün normativ-hüquqi bazanın olmaması, eləcə də kifayət qədər resurslara malik effektiv müstəqil nəzarət orqanının yoxluğu bu gün vətəndaşlarımızın üzləşdiyi əsas çağırışlardan biridir".
Ordu.az