Moskvanın “Qırmızı Xətti”: Lukaşenkonun “1500 Kilometrlik Cəbhə” Ssenarisi Niyə Pozuldu?

2026/06/1781808817.jpg
Oxunub: 227     22:52     18 İyun 2026    
İyunun 15-də Belarus Prezidentinin rəsmi internet səhifəsində Aleksandr Lukaşenkonun “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibənin mətn versiyası dərc olunub.

O, Ukraynadakı müharibə ilə bağlı sözbəsöz bunları deyib: “Biz dəfələrlə demişik ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin Belarus ərazisinə keçməsi qətiyyən yolverilməzdir. Biz bu məsələni Putinlə müzakirə etmişik, çünki bu mövzu kütləvi informasiya vasitələrində daim gündəmdə olub. Biz anlayırıq ki, Belarusun bu və ya digər formada müharibədə iştirakı yolverilməzdir”.

Lukaşenko hətta bildirib ki, Belarusun müharibədə iştirakı halında Rusiyanın 1500 kilometrlik yeni cəbhə xətti yaranacaq və bu xətti “saxlamaq çətin olacaq”.

Bu müsahibədən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov təcili şəkildə Minskə səfər edib. Danışıqlardan sonra BELTA dövlət agentliyi Lukaşenkonun “ən yaxın vaxtlarda” Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə dair bəyanatını yayıb. Görünür, həmin vaxt hələ yetişməyib.

Bu arada Rusiya Bryansk vilayətində “Ukrayna Pilotsuz Uçuş Aparatının (PUA) Belarusdan olan şagirdləri daşıyan avtobusa zərbə endirdiyini” açıqlayıb. Ukrayna bu məlumatı rəsmi şəkildə təkzib edib və həmin gün göstərilən ərazidə ümumiyyətlə PUA-lardan istifadə olunmadığını sübut edən dəlillər təqdim edəcəyini bildirib.

İyunun 18-də Minskdə Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. İdarənin sözçüsü Varankov jurnalistlərə bildirib ki, Belarus “heç bir bəraəti olmayan bu qeyri-insani terror aktını qətiyyətlə pisləyir”. O, bununla “sərnişin avtobusuna qarşı Ukrayna PUA-sının hücumunu” nəzərdə tutduğunu deyib.

Həmin gün Belarus Prezidenti Lukaşenko müşavirə keçirərək bunları bildirib: “1500 kilometrlik cənub sərhədimiz görünməmiş yanğın içərisindədir. Bu, vaxtaşırı olaraq cənub sərhədində gücləndirilmiş nəzarətin zəruri olub-olmadığını soruşan bəzi hərbçilərimizə cavabdır. Cavab birmənalıdır: bəli. İnsanlar bizi öz hesablarına saxlayırlar ki, biz də onları qoruyaq”.

Belarus Prezidenti faktiki olaraq ölkənin Ukrayna ilə müharibəyə cəlb oluna biləcəyinin anonsunu verib. Görünür, Moskva onun sülhpərvər müsahibəsini “qəti şəkildə qəbuledilməz” hesab edib.

Lukaşenkonun nə vaxt və hansı şəraitdə Ukraynanın “Belarusa barbar hücum etdiyini” bəyan edəcəyi, görünür, yalnız zaman məsələsidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Lukaşenko   Rusiya  


Bizi "telegram"da izləyin