İrəvanda Avropa İttifaqı ölkələrinin diplomatları ilə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

2026/06/1781806591.jpg
Oxunub: 160     22:16     18 İyun 2026    
Ermənistan Xarici İşlər Nazirliyində Avropa İttifaqı və Aİ üzvü olan ölkələrin diplomatik nümayəndəlik rəhbərləri ilə görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iyunun 17-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iqtisadiyyat nazirinin müavinləri Anuşik Avetiyan və Arman Xocoyan ilə birlikdə Ermənistanda akkreditə olunmuş Avropa İttifaqı və Aİ-yə üzv ölkələrin diplomatik nümayəndəlik rəhbərlərini qəbul edib.

“Görüş zamanı Avropa İttifaqının xarici işlər nazirlərinin son müzakirələrinin davamı olaraq Ermənistan ilə Avropa İttifaqı və Aİ üzvü ölkələr arasında ikitərəfli gündəmdə yer alan bir sıra məsələlər müzakirə olunub.

Tərəflər Ermənistan iqtisadiyyatının dayanıqlılığının artırılması və inkişaf proqramları barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, müzakirələr zamanı mövcud ticarət-iqtisadi məhdudiyyətlər şəraitində Ermənistan məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması məsələlərinin vacibliyi vurğulanıb.

“Həmsöhbətlər kənd təsərrüfatı və gülçülük sahələrinə göstəriləcək praktiki dəstək proqramlarına da toxunublar.

Görüş iştirakçıları Ermənistan məhsulları üçün Avropa bazarlarında yeni imkanların yaradılması və biznes əlaqələrinin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat mübadiləsi aparıblar.

Tərəflər bu sahədə əldə olunan irəliləyişləri müsbət qiymətləndiriblər”, - deyə məlumatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin