Türkiyənin tarixi hərbi gəmi ixracında ikinci gəminin istehsalına başlanılıb

2026/06/1781804606.jpg
Oxunub: 246     21:42     18 İyun 2026    
Türkiyənin hərbi dəniz mühəndisliyi sahəsində fəaliyyət göstərən STM şirkəti Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi Dənizdə Təchizat və Logistika Dəstək Gəmiləri layihəsində ikinci gəmi olan N.R.P. D. DINIS üçün metal lövhələrin kəsilməsi mərasimini keçirib.

Ordu.az xəbər verir ki, STM-nin baş podratçılığı ilə həyata keçirilən layihə Türkiyənin Avropa İttifaqı və NATO üzvü olan ölkəyə ilk hərbi gəmi ixracı kimi tarixə düşüb.

Türkiyənin müdafiə sənayesində milli və innovativ sistemlər hazırlayan STM şirkəti Portuqaliya Hərbi Dəniz Qüvvələrinin logistika dəstək gəmisi tenderində dünyanın aparıcı hərbi gəmiqayırma şirkətlərini geridə qoyaraq 2024-cü il dekabrın 17-də Lissabonda müqavilə imzalamışdı.

Layihənin dizayn mərhələsi tamamlandıqdan sonra ilk gəminin inşasına 2025-ci il noyabr ayında keçirilən metal lövhə kəsmə mərasimi ilə başlanılıb. İlk gəminin tərtib meydançasına qoyulması mərasimi isə 2026-cı il yanvar ayında İstanbulda keçirilib.

Birinci gəminin tikintisi davam etdiyi vaxt layihənin ikinci gəmisi olan N.R.P. D. DINIS (A5212) üçün metal lövhə kəsmə mərasimi 2026-cı il iyunun 18-də təşkil olunub. Bununla da Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa ediləcək ikinci logistika dəstək gəmisinin istehsal prosesi rəsmi olaraq başlayıb.

Mərasimdə Portuqaliya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri, STM və ADA gəmiqayırma zavodunun rəhbərliyi, eləcə də layihə qrupları iştirak ediblər.

Layihə çərçivəsində gəmilərə Portuqaliyanın tarixi və mədəni irsini əks etdirən adlar verilir. Birinci gəmi ölkənin milli şairi Luis de Kamoeşin adını daşıyır. İkinci gəmi isə Portuqaliyanın dənizçilik tarixində mühüm rol oynamış Kral Dom Dinişin şərəfinə adlandırılıb.

STM Baş direktorunun müavini Bülənt Soydal mərasimdə çıxışı zamanı bildirib ki, şirkət dost və müttəfiq ölkələr üçün etibarlı həll tərəfdaşıdır.

O qeyd edib ki, 11 müxtəlif gəmiqayırma zavodunda həyata keçirilən 44 dəniz layihəsi çərçivəsində əldə olunan NATO standartlarına uyğun platforma hazırlamaq təcrübəsini Portuqaliya ilə bölüşməkdən qürur duyurlar.

Soydalın sözlərinə görə, birinci gəmidə tikinti və avadanlıq quraşdırılması işləri davam edir. İkinci gəminin istehsalına da rəsmi olaraq başlanılıb. Hər iki gəminin 2027-ci ildə suya buraxılması, 2028-ci ildə isə Portuqaliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

STM-nin baş podratçılığı ilə İstanbulda, ADA gəmiqayırma zavodunda inşa edilən gəmilər modul konstruksiyaya malikdir. Onlar logistika dəstəyi, dənizdə yanacaq və yük ötürülməsi, zirehli texnikanın daşınması, amfibiya əməliyyatları və birgə qüvvələrin yerləşdirilməsi kimi tapşırıqları yerinə yetirə biləcək.

Gəmilər 20 ədədədək yüngül taktiki zirehli maşın daşımaq imkanına malik olacaq. Modul və çoxməqsədli quruluş sayəsində böhran vəziyyətlərində humanitar yardım, axtarış-xilasetmə və tibbi dəstək missiyalarını da icra edə biləcək.

İnteqrasiya edilmiş rabitə sistemi və komanda-idarəetmə imkanları da platformanın əsas üstünlükləri sırasındadır.

137 metr uzunluğa və 11 min ton subasımı qabiliyyətinə malik olacaq gəmilər 18 düyündən artıq maksimal sürət yığa və 30 gün fasiləsiz dənizdə qala biləcək. Platformalarda 100 nəfərlik heyətlə yanaşı, əlavə 100 nəfərin yerləşdirilməsi üçün şərait nəzərdə tutulub.

Gəmilər əsasən hava hücumundan müdafiə müharibəsi daxil olmaqla müxtəlif döyüş tapşırıqları üçün sensor və silah sistemləri ilə təchiz olunacaq. Onların üzərində yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, 12,7 mm çaplı uzaqdan idarə olunan silah sistemləri, yayındırıcı vasitələr və müxtəlif qabaqcıl sensorlar yerləşdiriləcək.

Bundan əlavə, gəmilərdə helikopterlər və pilotsuz uçuş aparatları üçün platforma, həmçinin pilotsuz uçuş aparatları üçün anqar da olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gəmi   STM  


Bizi "telegram"da izləyin