ASELSAN Türkiyədən və dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesinin aparıcı şirkətlərini bir araya gətirən İstanbulda keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində diqqət çəkən sistemlərini təqdim etməyə davam edib. Təqdimat mərasimində Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu, “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar və ASELSAN-ın baş direktoru Ahmet Akyol iştirak ediblər. Mərasimdə çıxış edən ordu generalı Kadıoğlu bunları deyib:
Ordu generalı Kadıoğlu: “Bunun qarşılığını vermək bizim borcumuzdur”
“Pilotsuz Uçuş Aparatlarımız (PUA) artıq mükəmməl kombinasiyada uzaqdan aşkarlama apararaq real məhvetmə prosesini təkbaşına həyata keçirə biləcək imkanlara sahib olacaq. Beləliklə, oyunun qaydalarını dəyişən bir model formalaşır. Bu, təsəvvürümüzü aşan səviyyəyə necə çatdığımızın sübutudur. Silahlı Qüvvələr olaraq bunun qarşılığını vermək bizim borcumuzdur və bunu yerinə yetirəcəyik”.
Bayraktar: “Ölkəmizə böyük güc qazandırır”
Haluk Bayraktar da çıxışında Türkiyənin ən dəyərli şirkətlərindən biri olan ASELSAN-ın yeni texnologiyalarını görməyin qürurverici olduğunu vurğulayıb.
Bayraktar deyib: “Bu gün BAYKAR dünyanın ən böyük PUA ixracatçısıdırsa, burada ASELSAN-ın çox böyük töhfələri var. ASELSAN ölkəmizə çox mühüm güc qazandırır. Birlikdə güclü sinerji ilə bu texnologiyaları həyata keçirən bir struktur formalaşıb. ASELFLIR 600 dünyanın ən qabaqcıl kamera sistemidir, FULMAR da eyni şəkildə... Bu texnologiyalar ölkəmizə çox böyük güc qazandırır”.
Akyol: “Türkiyəni fərqli liqaya daşıyacaq”
ASELSAN-ın baş direktoru Ahmet Akyol isə çıxışında Türkiyənin PUA sahəsində yeni liqaya yüksəldiyini bildirərək bunları deyib:
“Türkiyəni brend dəyərinə çevirən qürur mənbəyimiz olan məhsullarımız var. Biz də bu böyük yolçuluğun bir hissəsi olmaqdan qürur duyuruq. Burada gördüyünüz məhsullar yeni yanaşmanın bizə qazandırdığı çox sürətli layihələndirmə mədəniyyətinin nəticəsidir. ASELSAN sensorlarla sursatların gücünü birləşdirir. Bu məhsullar sayəsində Türkiyə PUA-ları indiyədək malik olduqları imkanlardan iki dəfə artıq lazerlə işarələmə qabiliyyətinə sahib olur. Bu texnologiyalar Türkiyə PUA-larını dünyada fərqli liqaya daşıyacaq. Biz komanda kimi çalışırıq”.
SAHA sərgisində təqdim edilən FULMAR 500A radarı başda AKINCI və AKSUNGUR PUA platformaları olmaqla, PUA-lara və pilotlu patrul təyyarələrinə inteqrasiya edilə biləcək şəkildə hazırlanıb. FULMAR bir sistem vasitəsilə çoxsaylı tapşırıqların icrasını mümkün edən quruluşu ilə diqqət çəkir.
Bir radar, çoxşaxəli üstünlük
FULMAR su səthində insansız dəniz platformalarını və minaları, eləcə də suüstü, quru və hava hədəflərini eyni vaxtda aşkarlamaq və izləmək qabiliyyəti ilə əməliyyat məkanında kompleks müşahidə imkanı yaradır. Sistem “hava-hava” və “hava-yer” tapşırıqlarında uzaq məsafələrdə çoxsaylı hədəflərin aşkarlanmasını və izlənməsini təmin edir. Hərəkətli quru hədəflərini dərhal müəyyən edə bilən FULMAR, SAR görüntüləmə texnologiyası vasitəsilə yüksək ayırdetmə qabiliyyətinə malik yer səthi xəritələri yarada bilir.
Buludaltı görüntüləmə qabiliyyətinə malik olan FULMAR müxtəlif tapşırıqları bir platformada birləşdirərək əməliyyat yükünü azaldır və effektivliyi artırır. FULMAR Aktiv Elektron Daramalı Anten Sistemi (AESA) arxitekturası sayəsində yüksək tarama sürəti, çoxsaylı hədəf izləmə imkanı və aşağı reaksiya müddəti ilə seçilir. Bu texnologiya döyüş meydanında real vaxt rejimində məlumat axını təmin edərək qərar qəbul edən şəxslərə vaxtında və etibarlı məlumat təqdim edir. Sistemin hava platformalarına qazandıracağı yüksək situasiya məlumatlılığı ilə mühüm güc multiplikatoruna çevrilməsi hədəflənir.
TOLUN ailəsinin yeni üzvləri
TOLUN-L, Çoxsaylı Daşıma Asqısı (SADAK 4T) vasitəsilə daşına bilən, inteqrasiya edilmiş ANS-KKS və lazer axtarış başlığı ilə idarə olunan, 250 funt sinfinə məxsus qəlpəli döyüş başlığına malik tam ölçülü sursat kimi diqqət çəkir. Pilotsuz uçuş aparatlarında istifadə zamanı açılan qanad konstruksiyası sayəsində 50+ km mənzilə malik olan TOLUN-L, lazer axtarış başlığı vasitəsilə mühüm hərəkətli və ya sabit hədəflərə qarşı yüksək dəqiqlikli nişanalma və aşağı əlavə zərər imkanları yaradır.
TOLUN-L fəaliyyət prinsipi baxımından hava platformasından ayrıldıqdan sonra ilk KKS həlli əldə edilənədək ANS idarəetməsi ilə uçuşunu davam etdirə bilir. TOLUN-L hədəfdən əks olunan lazer enerjisini aşkar etdikdən sonra lazer axtarış başlığını aktivləşdirərək hədəfə nişanalmanı tamamlayır. İstənilən hava şəraitində istifadə edilə bilən TOLUN-L marşrut nöqtələrini izləyə bilir. Seçilə bilən zərbə bucağına malik olan TOLUN-L uçuş sayını azaldaraq əməliyyat xərclərini aşağı sala bilir.
Müəyyən məsafədə maksimum təsir
TOLUN-F qabaqcıl xüsusiyyətlərlə yanaşı, hədəf üzərində dağıdıcı təsiri maksimum səviyyəyə çatdırmaq üçün kokpitdən proqramlaşdırıla bilir. TOLUN-F zaman ayarlı elektron alışdırıcı və sursat hədəfə dəyməzdən əvvəl müəyyən məsafədə döyüş başlığının partlamasına imkan verən yaxınlaşma sensoru ilə təchiz olunub.
TOLUN-F qəlpəli döyüş başlığı sayəsində hədəfdən müəyyən məsafədə partlayaraq müxtəlif hədəf növlərinə qarşı maksimum zərər vurur.
Radioelektron mübarizə qabiliyyətinə malik uzaqmənzilli sursat
TOLUN EW radioelektron mübarizə qabiliyyətinə malik uzaqmənzilli tam ölçülü sursat olaraq milli imkanlarla hazırlanıb. TOLUN EW hədəf üzərində müəyyən müddət havada qalaraq elektromaqnit spektrində təsir yaratmaq və lazım gəldikdə hədəfə nişan almaq məqsədilə layihələndirilib.
Sistem qarışdırma, aldatma və basdırma xüsusiyyətləri sayəsində hava hücumundan müdafiə sistemlərinə qarşı effektivliyi artırır.
Dəyanət Ağalarlı
Ordu.az