ABŞ sursat istehsalını artırmaq üçün Müdafiə İstehsalı Qanununu tətbiq edib

2026/06/1781681221.jpg
Oxunub: 183     11:27     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp sursat istehsalında və müdafiə sənayesinin təchizat zəncirlərində yaranan imkan çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə Müdafiə İstehsalı Qanununu (Defense Production Act - DPA) tətbiq edib.

Ordu.az xəbər verir ki, iyunun 11-də imzalanan və ictimaiyyətə açıqlanan memorandumda Tramp ABŞ müdafiə sənayesinin istehsal infrastrukturunda mövcud olan problemlərin milli müdafiə üçün birbaşa təhlükə yarada biləcəyini bildirib.

Qərar Vaşinqtonda ABŞ müdafiə sənayesinin artan sursat tələbatını qarşılamaq qabiliyyəti ilə bağlı narahatlıqların yüksəldiyi dövrdə qəbul olunub.

Kritik komponentlər üzrə istehsal çatışmazlığı

Memorandumda xüsusilə bərk yanacaqlı raket mühərriklərinin, alışdırma sistemlərinin və idarəetmə sistemlərinin həm mövcud silah sistemləri, həm də gələcək modernləşdirmə proqramları üçün ən vacib və istehsal imkanları ən məhdud alt sistemlər arasında olduğu vurğulanıb.

Tramp Müharibə Nazirliyinə ünvanladığı memorandumda bildirib: “Mən milli müdafiə və müdafiə hazırlığı proqramları baxımından birbaşa təhlükə yarada biləcək şərtlərin mövcud olduğu qənaətinə gəlmişəm”.

ABŞ Prezidenti bu vəziyyətin əsas səbəbləri kimi məhdud istehsal imkanlarını, kövrək təchizat zəncirlərini, uzun təchizat müddətlərini və istehsal darboğazlarını göstərib.

Müdafiə sənayesi ilə yeni əməkdaşlıq mərhələsi

Qərar çərçivəsində Müharibə Nazirliyinə müdafiə sənayesinin istehsal imkanlarını gücləndirmək məqsədilə özəl sektor şirkətləri ilə könüllü əməkdaşlıq razılaşmaları bağlamaq səlahiyyəti verilib.

Müdafiə İstehsalı Qanunu ABŞ prezidentinə və ya onun səlahiyyət verdiyi qurumlara milli müdafiəni dəstəkləmək məqsədilə sənaye nümayəndələri ilə koordinasiya yaratmaq və istehsal gücünü artırmağa yönəlmiş könüllü razılaşmalar hazırlamaq imkanı verir.

Sursat istehsalı əsas prioritetlərdən biridir

Son illərdə Ukraynaya göndərilən böyük həcmdə sursat, Yaxın Şərqdə artan gərginlik və ABŞ-nin Hind-Sakit okean bölgəsindəki hərbi hazırlıqları Amerika müdafiə sənayesinin istehsal imkanlarının artırılmasına təzyiqi əhəmiyyətli dərəcədə yüksəldib.

Xüsusilə artilleriya sursatları, raket sistemləri, raket mühərrikləri və yüksək dəqiqlikli idarəetmə dəstləri kimi kritik sahələrdə istehsal xətlərinin genişləndirilməsi ABŞ Müharibə Nazirliyinin əsas prioritetləri sırasında yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sursat   DPA  


Bizi "telegram"da izləyin