Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Brüsseldə Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına tətbiq olunan gömrük rüsumlarını azaltmağı nəzərdə tutan “avtonom ticarət tədbirləri” hazırlanır.
“Financial Times”a açıqlama verən Avropa Komissiyasının nümayəndəsi Olof Gill bildirib ki, Komissiya daha çox erməni müəssisəsinin Avropa İttifaqında yeni bazar imkanlarına çıxış əldə etməsinə kömək etmək və iqtisadiyyatın ən çox zərər görmüş sahələrini dəstəkləmək məqsədilə avtonom ticarət tədbirləri təklif edəcək.
“İndi fəallaşmaq və onları dəstəkləmək vaxtıdır. Biz etibarlı tərəfdaş ola biləcəyimizi göstərməliyik”, - deyə qəzetin mənbələrindən biri bildirib.
Məlumata görə, Avropa İttifaqına üzv dövlətlərin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən bu tədbirlər illik dəyəri təxminən 420 milyon avro olan 20-yə yaxın məhsul kateqoriyasının böyük hissəsini əhatə edəcək.
Bununla belə, mənbələrin sözlərinə görə, Ermənistanın bəzi ixrac məhsulları Aİ rəsmiləri üçün müəyyən çətinliklər yaradır.
Bu, ilk növbədə Ermənistanın əsas ixrac məhsullarından biri olan konyaka aiddir. Məsələ Fransa üçün konyak istehsalının xüsusi əhəmiyyət daşıması ilə bağlıdır.
Digər problem isə dənizə çıxışı olmayan Ermənistanın tez xarab olan məhsullarının Türkiyə və ya Gürcüstan ərazisindən daşınmasının mürəkkəbliyi ilə əlaqədardır.
Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl Lüksemburqda Aİ xarici işlər nazirlərinin toplantısından və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirilən danışıqlardan sonra bildirmişdi ki, Avropa İttifaqı Rusiyanın iqtisadi məhdudiyyətlərinə cavab olaraq Ermənistana dəstək proqramı hazırlayacaq və İrəvana yardım göstərmək üçün müşavirlər missiyası göndərəcək.
Bundan əvvəl Rusiya tərəfi aşkar edilmiş pozuntular səbəbindən Ermənistan məhsullarının bir sıra növlərinin ölkəyə idxalını məhdudlaşdırmışdı. Məhdudiyyətlər mineral sulardan və spirtli içkilərdən tutmuş tərəvəz və meyvələrə qədər müxtəlif məhsulları əhatə edib.
Alpər Mövludoğlu
Ordu.az