İsrail İranın ABŞ ilə danışıqlardan nüvə proqramını irəli aparmaq üçün istifadə edə biləcəyindən ehtiyat edir

2026/06/1781679120.jpg
Oxunub: 178     10:48     17 İyun 2026    
İsrail rəsmiləri hesab edirlər ki, İran ABŞ ilə razılaşdırılmış memorandum çərçivəsində nəzərdə tutulan 60 günlük danışıqlardan öz nüvə proqramını inkişaf etdirmək və nüvə silahının yaradılması istiqamətində işləri davam etdirmək üçün istifadə edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Channel 12” telekanalı israilli yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İranın ali rəhbəri Müctəba Xameneyi ABŞ ilə yekun nüvə sazişi imzalamaqda maraqlı deyil.

İsrail Müdafiə Nazirliyinin nümayəndələri telekanala bildiriblər ki, Tehran danışıqlar prosesini uzadacaq və bunun nəticəsində danışıqlar üçün nəzərdə tutulan 60 günlük müddət daha uzun dövrə çevriləcək.

Eyni zamanda mənbələr qeyd edirlər ki, Vaşinqton və Tehran arasında əldə olunmuş memorandumun konkret məzmunu hələ də tam aydın deyil. Buna səbəb həm ABŞ Prezidenti Donald Trampın, həm də İran rəsmilərinin bir-birinə zidd bəyanatlar verməsidir.

Bu kontekstdə mənbələr İran tərəfinin razılaşmanın Tehrana ölkə ərazisində zənginləşdirilmiş uranın seyrəldilməsi məsələsini müstəqil şəkildə müəyyənləşdirmək imkanı verəcəyi barədə açıqlamasına diqqət çəkirlər.

İsrailli ekspertlər razılaşma ilə bağlı məlumatları təhlil etdikdən sonra İranın nüvə proqramı probleminin həlli perspektivlərinə şübhə ilə yanaşıblar.

Onların bir çoxu hesab edir ki, ABŞ-nin sabiq Prezidenti Barak Obama dövründə imzalanmış və İranın nüvə proqramını məhdudlaşdıran saziş nüvə bombasının yaradılmasının qarşısını almaq üçün daha güclü təminatlar təqdim edirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   ABŞ  


Bizi "telegram"da izləyin