“ASSAN Group” casusluq işi üzrə ikinci məhkəmə iclası keçirilib

2026/06/1781640721.jpg
Oxunub: 166     00:10     17 İyun 2026    
FETÖ ilə əlaqəli olmaq və hərbi casusluq fəaliyyəti aparmaqda ittiham olunan “ASSAN Group” şirkəti ilə bağlı cinayət işi üzrə ikinci məhkəmə iclası keçirilib.

Ordu.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şirkətin sahibi Emin Öner, baş direktoru Gürcan Okumuş və digər rəhbər şəxslərin də daxil olduğu 5 nəfər mühakimə olunur.

İş üzrə İsmet Sayhan, Emin Öner, Gürcan Okumuş, Ali Avcı və Mesut Ateş təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. İclas zamanı həbsdə olan təqsirləndirilən şəxslərin müdafiə çıxışları dinlənilib.

Məhkəmə Mesut Ateş və Emin Öner barəsində ölkədən çıxış qadağası tətbiq olunması və yaşayış yerini tərk etməmələri şərti ilə azadlığa buraxılmaları barədə qərar qəbul edib. İşlə bağlı əlavə təfərrüatların daha sonra açıqlanacağı bildirilib.

Hadisənin təfərrüatları

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində “ASSAN Group” şirkətinin sahibi Emin Öner və baş direktoru Gürcan Okumuş da daxil olmaqla 5 nəfər FETÖ ilə əlaqəli olmaq və hərbi casusluq fəaliyyəti aparmaq ittihamı ilə saxlanılıb və daha sonra həbs olunub.

Şirkətlərə qarşı aparılan istintaq nəticəsində 4-ü həbsdə olmaqla 5 şübhəli şəxs barəsində 10 ildən 36 ilədək azadlıqdan məhrumetmə cəzası tələbi ilə ittiham aktı hazırlanıb.

İttiham aktında Türkiyə Milli Müdafiə Nazirliyi, MKE, TÜBİTAK və Əmanətlərin Sığortalanması Fondu (TMSF) “zərərçəkmiş tərəf” kimi göstərilib, 13 şirkətin isə “maddi məsuliyyət daşıyan tərəf” olduğu qeyd olunub.

Sənəddə Emin Önerə məxsus “Assan İş Makineleri LTD. ŞTİ.” adına qeydiyyatda olan telefon nömrəsinin araşdırılması zamanı onun FETÖ-nün yüksək səviyyəli rəhbərlərindən Cemil Koca və Hüseyn Saruhan ilə əlaqələrinin müəyyən edildiyi bildirilib.

İttiham aktına əsasən, ankesorlu telefonlar və köşk telefonları üzrə aparılmış analiz nəticəsində şirkətlərə məxsus telefon xətləri vasitəsilə təşkilatın məxfi xidmətlərində istifadə olunan əməliyyat nömrələri ilə ardıcıl iki zəng qeydə alınıb. Ankara Mali Cinayətlərlə Mübarizə Şöbəsinə daxil olan məlumatda isə Emin Önerə məxsus şirkətin rəhbər şəxslərinin FETÖ ilə əlaqəli olduğu qeyd edilib.

Sənəddə həmçinin Emin Önerə məxsus mobil telefon nömrəsinin HTS analizində eyni cinayət işi üzrə qeydiyyatda olan ümumilikdə 113 nəfər və 22 “ByLock” istifadəçisi ilə 2025-ci ilə qədər davam edən əlaqələrinin aşkarlandığı bildirilib.

Mali Cinayətləri Araşdırma Şurasının (MASAK) təqdim etdiyi hesabatlarda Öner və ona bağlı şirkətlərin FETÖ üzvlüyü ittihamı ilə qeydiyyatda olan şəxslərlə intensiv pul köçürmələri həyata keçirdiyi göstərilib. İttiham aktında Ankara Baş Prokurorluğu tərəfindən əvvəllər verilmiş iki təqibdən imtina qərarının İstanbul Baş Prokurorluğunun müraciəti əsasında Ankara Sülh Cəza Hakimliyi tərəfindən ləğv edildiyi qeyd olunub.

Sənəddə Emin Önerin FETÖ/PDY terror təşkilatının iyerarxik strukturunda yer aldığı və təşkilat üzvü olduğu iddia edilib.

İttiham aktında Önerin “ASSAN Group”a bağlı şirkətlərin ortağı və rəhbəri olduğu, dövlət təhlükəsizliyi ilə bağlı sənədlərin əldə olunmasında əsas şübhəli şəxs kimi qiymətləndirildiyi vurğulanıb.

Məlumata görə, Emin Öner rəhbərlik etdiyi təşkilati struktur vasitəsilə MKE, TÜBİTAK və Milli Müdafiə Nazirliyi kimi dövlət qurumlarında ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan layihələrdə çalışan dövlət qulluqçularını “ASSAN Group”da işə götürüb. Daha sonra həmin şəxslərin malik olduqları dövlət təhlükəsizliyi ilə bağlı məlumat və sənədlərdən istifadə edildiyi iddia olunub.

İttiham aktında Emin Öner üçün “silahlı terror təşkilatına üzv olmaq” və “dövlət təhlükəsizliyi ilə bağlı sənədləri sistemli şəkildə məhv etmək, təyinatından kənar istifadə etmək, hiylə ilə əldə etmək və oğurlamaq” maddələri ilə 17 il 6 aydan 36 ilədək həbs cəzası tələb olunub.

Digər təqsirləndirilən şəxslər Ali Avcı, Gürcan Okumuş, İsmet Sayhan və Mesut Ateş üçün isə “dövlət təhlükəsizliyi ilə bağlı sənədləri sistemli şəkildə məhv etmək, təyinatından kənar istifadə etmək, hiylə ilə əldə etmək və oğurlamaq” ittihamı ilə hər biri üçün 10 ildən 21 ilədək həbs cəzası istənilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASSAN-Group   Türkiyə  


Bizi "telegram"da izləyin