Ordu.az xəbər verir ki, bu barədə “Channel 12” telekanalı israilli yüksəkvəzifəli rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İsrail hələ də İsveçrədə cümə günü imzalanacağı gözlənilən sazişin bütün detallarına malik deyil. Bu, İranın nüvə proqramı və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi ilə bağlı məsələləri də əhatə edir.
Telekanalın həmsöhbətləri bildiriblər ki, İsrail memorandumda nəzərdə tutulduğu iddia edilən Livandan qoşunların çıxarılması məsələsinə də qarşı çıxır.
İsrailin müdafiə naziri İsrael Kats bazar günü bəyan edib ki, İsrail qüvvələri Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək.
Kats əlavə edib ki, “əgər İran Livanda baş verən hadisələr səbəbindən İsrailə hücum edərsə, biz bütün gücümüzlə ona zərbə endirəcəyik”.
“Channel 12” xatırladır ki, ABŞ və İran arasında əldə olunmuş memorandum İranın nüvə proqramını da əhatə edən daha geniş və hərtərəfli saziş üzrə danışıqlar üçün əsas rolunu oynamalıdır.
Memorandumun bu cümə günü imzalanmasından sonra tərəflərin 60 gün ərzində yekun sülh sazişi üzrə razılığa gəlmələri nəzərdə tutulur.
ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl bəyan edib ki, “İran bu razılaşmaya əsasən heç vaxt nüvə silahı əldə etməyəcək”.
“Əgər İran nüvə silahı hazırlasa, əldə etsə və ya buna bənzər hər hansı addım atsa, onun üzünə cəhənnəmin qapıları açılacaq”, - deyə Tramp vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az