“Hraparak”: Qərb güzəştlərə getməyə imkan vermir

2026/06/1781671489.jpg
Oxunub: 268     08:36     17 İyun 2026    
“Hakimiyyət dairələrindən əldə etdiyimiz məlumata görə, Qərb parlament seçkilərinin nəticələrindən şoka düşüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Qərb güzəştlərə getməyə imkan vermir” başlıqlı məqaləsində yazıb.

“Məsələ ondadır ki, onlar “Qarabağın satılması”ndan sonra Ermənistanda təşviq etdikləri anti-Rusiya əhval-ruhiyyəsinin ciddi nəticələr verəcəyini və iyunun 7-də Rusiyaya yaxın hesab olunan qüvvələrin kütləvi şəkildə rədd ediləcəyini gözləyirdilər. Lakin məlum olub ki, cəmiyyət Nikol Paşinyanı o qədər rədd edir ki, hətta Rusiyaya meyilli müxalif qüvvələrə də səs verməyə hazırdır”, - deyə nəşr qeyd edib.

Nəşrin məlumatına görə, seçkilərdə müxalifət qüvvələrinin topladığı yarım milyondan çox səs Qərb mərkəzləri üçün gözlənilməz olub. Məqalədə iddia edilir ki, Qərbdə Ermənistan cəmiyyətində formalaşdırılmağa çalışılan anti-Rusiya əhval-ruhiyyəsinin daha nəzərəçarpan nəticələr verəcəyi gözlənilirdi.

“Qərb Nikol Paşinyana Rusiyayla münasibətlərdə güzəştlərə getməməsi üçün mümkün təzyiqlər göstərir. Mənbələrin sözlərinə görə, plan bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin anti-Rusiya siyasəti Moskvanı daha da qəzəbləndirsin və nəticədə Rusiya iqtisadi sanksiyaları sərtləşdirsin.

Belə bir ssenaridə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin daha da güclənəcəyi, qarşıdurmanın dərinləşəcəyi və bunun fonunda Paşinyanın KTMT-dən çıxmaq, eləcə də Ermənistandakı 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması istiqamətində addımlar ata biləcəyi hesab olunur”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin