Aİ Rusiyanın “kölgə donanması”na və müdafiə sektoruna qarşı aralıq sanksiyalar paketini qəbul edib

2026/06/45645-1781601559.jpg
Oxunub: 190     13:20     16 İyun 2026    
Avropa İttifaqı Rusiyanın “kölgə donanması”, FPV və kəşfiyyat Pilotsuz Uçuş Aparatları (PUA) istehsalçıları, həmçinin S8000 “Banderol” və “İskander-M” raket sistemləri üçün komponentlər istehsal edən şirkətləri hədəf alan aralıq sanksiyalar paketini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Yeni sanksiyalar paketi ümumilikdə 34 fiziki şəxsə və 47 hüquqi şəxsə qarşı tətbiq olunub.

Aİ həmçinin Rusiyanın Krım və Sevastopolu qanunsuz ilhaq etməsinə cavab olaraq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin müddətini 2027-ci il iyunun 23-dək uzadıb.

Ukrayna Prezidentinin Sanksiya Siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk Militarnyi nəşrinə şərhində bildirib ki, yeni paket Rusiyanın müharibə maşınının zəiflədilməsinə yönəlmiş sistemli yanaşmanı əks etdirir.

Onun sözlərinə görə, məhdudiyyətlər yalnız birbaşa silah istehsalçılarını deyil, həm də PUA-ların, raket sistemlərinin, hərbi elektronikanın və kritik komponentlərin istehsalını dəstəkləyən müəssisələri əhatə edir.

“Rusiyanın müharibə iqtisadiyyatının bütün elementlərinə qarşı kompleks təzyiq onun müharibə aparmaq qabiliyyətini azaltmağın ən effektiv yoludur. Bu, aralıq sanksiyalar paketidir. Qarşıdakı həftələrdə Aİ-nin daha genişmiqyaslı 21-ci sanksiyalar paketini qəbul edəcəyini gözləyirik”, - deyə Vlasyuk vurğulayıb.

Sanksiya siyahısına FPV tipli PUA-lar və digər insansız sistemlər istehsal edən ASFPV, “Rustakt”, IONOS və Rusiya ordusu üçün SKAT-350M kəşfiyyat tipli PUA istehsal edən İjevsk Aviasiya Zavodu daxil edilib.

ASFPV şirkəti ayda 10 minədək “Veterok” seriyalı FPV tipli PUA istehsal edir və bu sistemlər Rusiya qüvvələri tərəfindən döyüş meydanında istifadə olunur. IONOS isə kəşfiyyat, zərbə və “gəzən sursat” tapşırıqları üçün nəzərdə tutulmuş “Alyoşa” FPV tipli PUA-ları istehsal edir.

Sanksiyalar Rusiyanın raket, kosmik və aviasiya sənayesi üçün komponentlər istehsal edən şirkətləri də əhatə edir. Məsələn, “Elekond” ASC S8000 “Banderol” qanadlı raket-PUA-sında istifadə olunan kondensatorlar istehsal edir.

“Metallist” zavodu isə “İskander-M” raketinin naviqasiya sisteminin istehsalında iştirak edir. Sanksiya siyahısına Çinin “Shenzhen Minghuaxin” və “Xinxiang Richful Lubricant Additive Company” şirkətləri, eləcə də Belarusun” Izovac” və onunla əlaqəli “Engineering Group” şirkəti də daxil edilib.

Bu şirkətlərin mövcud sanksiyalara baxmayaraq, Rusiya PUA istehsalçılarına və müdafiə müəssisələrinə komponentlər, avadanlıqlar və texnologiyalar tədarük etməyə davam etdiyi bildirilir. Ümumilikdə, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 7 fiziki şəxsə və 21 hüquqi şəxsə şamil olunub.

Aİ həmçinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirlər çərçivəsində Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Honq-Konq və Liberiyada qeydiyyatdan keçmiş 24 şirkəti, eləcə də bu şəbəkə ilə əlaqəli iki şəxsi sanksiya siyahısına əlavə edib.

Rusiyanın Aİ-yə, üzv dövlətlərə və üçüncü ölkələrə qarşı həyata keçirdiyi hibrid fəaliyyətlərə cavab olaraq yeni paket çərçivəsində daha 10 fiziki şəxs və bir təşkilata qarşı məhdudiyyətlər tətbiq olunub.

Bundan əlavə, Aİ Aleksey Navalnının təqibi, zəhərlənməsi və ölümü ilə əlaqələndirilən bir təşkilatı və 15 fiziki şəxsi də sanksiya siyahısına daxil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin