FCAS-dan sonra “Airbus” 6-cı nəsil döyüş təyyarəsi üçün “Saab”a yönəlir

2026/06/1781347242.jpg
Oxunub: 548     14:38     13 İyun 2026    
Fransa və Almaniyanın birgə həyata keçirdiyi FCAS proqramının dağılmasından sonra “Airbus” yeni tərəfdaş axtarışlarına başlayıb və İsveçin “Saab” şirkəti əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, “Airbus” və “Saab” arasında son altı ay ərzində genişmiqyaslı ilkin danışıqlar aparılıb.

Bildirilir ki, Almaniya ilə İsveç arasında son dövrlərdə inkişaf edən müdafiə əməkdaşlığı bu təmasların sürətlənməsinə səbəb olub.

Bununla yanaşı, “Airbus” yalnız “Saab” variantını nəzərdən keçirmir. Şirkətin Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə həyata keçirdiyi GCAP (Qlobal Döyüş Aviasiyası Proqramı) layihəsi ilə bağlı da yüksək səviyyəli təmaslar apardığı qeyd olunur.

Mənbələrin sözlərinə görə, indiyədək “Airbus” və “Saab” arasında aparılan müzakirələr əsasən konseptual səviyyədə olub. Bunun səbəbi isə tərəflərin FCAS proqramının rəsmi şəkildə başa çatmasını gözləmələri və prosesə əvvəlcədən təsir göstərə biləcək addımlardan çəkinmələri olub.

Bu həftə “Airbus” ilə Fransanın “Dassault Aviation” şirkəti arasında ayrılığın rəsmiləşməsindən sonra isə “Saab” ilə əməkdaşlıq məsələsinin daha açıq şəkildə gündəmə gəldiyi bildirilir. “Airbus Defence & Space” şirkətinin baş icraçı direktoru Mixael Şöllhorn Berlində verdiyi açıqlamada “Saab”ın potensial tərəfdaşlardan biri olduğunu təsdiqləyib.

Bununla belə, o, digər variantların da hələ gündəmdə qaldığını vurğulayıb. Şöllhorn bildirib ki, “Saab” kimi potensial tərəfdaşlar mövcuddur, lakin Almaniya Hərbi Hava Qüvvələrinin gələcək ehtiyaclarının da yenidən müəyyənləşdirilməsi lazımdır.

“Saab” şirkətinin nümayəndəsi isə mümkün əməkdaşlığın kommersiya qərarından daha çox siyasi qərar olacağını qeyd edib. Şirkət açıq qapı siyasəti yürüdərək müxtəlif müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Digər tərəfdən, GCAP proqramı ilə bağlı da yeni açıqlamalar verilib. “Leonardo” şirkətinin baş direktoru Lorenzo Mariani Almaniyanın və “Airbus”ın layihəyə qoşulması ehtimalına açıq olduqlarını bildirib.

Onun sözlərinə görə, Almaniya proqram üçün xüsusilə dəyərli tərəfdaş ola bilər. Mütəxəssislər hesab edirlər ki, doqquz illik fəaliyyətindən sonra FCAS proqramının uğursuzluğa düçar olması Avropanın müdafiə sənayesi üçün ciddi geriləmədir.

Qeyd olunur ki, yaxın illərdə qəbul ediləcək qərarlar Avropanın gələcək onilliklərdəki hava gücü potensialını müəyyənləşdirəcək. İsveçin hansı istiqaməti seçəcəyi isə hələ dəqiq deyil.

Ölkə əvvəlki nəsil döyüş təyyarələri proqramlarında müstəqil yol tutaraq “Gripen” döyüş təyyarəsini özü hazırlamışdı. Hazırda isə İsveç rəhbərliyinin yeni nəsil döyüş təyyarəsi proqramlarında hansı tərəfi seçəcəyi ilə bağlı yekun qərarın 2030-cu ilə qədər verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Airbus   Saab  


Bizi "telegram"da izləyin