Kobaxidze: “Avropa İttifaqının əlində yalnız bir nəzəri təzyiq aləti qalıb, o da vizasız rejimdir”

2025/02/1739203944.jpg
Oxunub: 222     20:44     12 İyun 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Brüssel Tbilisiyə təzyiq göstərmək üçün bütün rıçaqları tükədib və yalnız “son nəzəri alət”, vizasız rejimin tam ləğvi variantı qalıb.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Gruziya” məlumat yayıb.

“Vaxtilə biz faktiki olaraq bütün şantaj imkanlarının qarşısını aldıq. Yeganə nəzəri alət vizasız rejimdir və müəyyən qüvvələr bu alətdən Gürcüstan xalqını və dövlətimizi şantaj etmək üçün istifadə etməyə çalışırlar. Bu, yanlış yanaşmadır”, - deyə Kobaxidze bildirib.

O qeyd edib ki, Gürcüstan tərəfi dialoqa açıq qalır, lakin Avropa bürokratiyasının yanaşmalarında dəyişiklik və Gürcüstana qarşı daha “ədalətli münasibət” gözləyir.

Bu bəyanat Brüsseldə Gürcüstan Xarici İşlər Nazirliyi ilə Avropa Komissiyasının nümayəndələri arasında keçirilən görüşdən bir gün sonra səsləndirilib. Görüş vizasız rejimin dayandırılması mexanizminə həsr olunub.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili danışıqları Avropa İttifaqının müvafiq qaydaları çərçivəsində mövqelərin ilk işgüzar mübadiləsi kimi xarakterizə edib.

Onun sözlərinə görə, Tbilisi Brüsselin narazılığına səbəb olan bütün məsələlərlə bağlı öz arqumentlərini Avropa tərəfinə ətraflı şəkildə təqdim edib.

Lakin Avropa Komissiyası görüşün texniki xarakter daşıdığını və əsas diqqətin vizasız rejimin dayandırılması mexanizminin işə salınmasına səbəb olan amillərə yönəldildiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin