Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyinə görüş iştirakçılarından ikisi məlumat verib.
Məlumata görə, açıqlama ABŞ Prezidenti Donald Trampın Suriyanın Livanda mümkün rolu ilə bağlı bəyanatlarından bir neçə gün sonra səsləndirilib.
Görüş iştirakçılarından biri anonim qalmaq şərti ilə bildirib ki, əş-Şaraa Dəməşq vilayətinin onlarla nüfuzlu nümayəndəsi və ictimai xadimi qarşısında çıxış edərək Suriyanın Livana mümkün müdaxiləsi ilə bağlı yayılan məlumatların “sadəcə dedi-qodu” olduğunu deyib.
Bundan əvvəl Suriya Prezident Administrasiyası məlumat vermişdi ki, əş-Şaraa Dəməşq sarayında görüş keçirib və burada region sakinlərinin inkişafı, eləcə də xidmətlərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub. Lakin rəsmi açıqlamada Livanla bağlı fikirlərə yer verilməyib.
Bu bəyanatlar Livanda İsrail və “Hizbullah” hərəkatı arasında toqquşmaların davam etdiyi bir vaxtda səsləndirilib. Bu, Vaşinqtonda elan olunmuş qismən atəşkəs rejiminə baxmayaraq baş verir.
“Hizbullah” razılaşmanın şərtlərini qəbul etmədiyini bildirib. Hərəkatın fikrincə, sənəddə İsrailin hücumları dayandırmaq və qoşunları geri çəkmək öhdəlikləri yer almır.
ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində bildirmişdi ki, əş-Şaraa guya “Hizbullah”a qarşı əməliyyatlarda yardım göstərməyə hazırdır.
“Mən “Hizbullah”a qarşı daha hədəfli zərbələrin endirilməsini görmək istərdim. Bunlar daha dəqiq əməliyyatlar olmalıdır. Biz bu məsələdə onlara kömək edə və ya Suriyaya məsləhət verə bilərik”, - deyə Tramp bildirib.
O əlavə edib ki, Suriya rəhbərliyi “işlərin öhdəsindən yaxşı gəlir”, ölkə prezidenti isə “qısa müddətdə mühüm irəliləyiş əldə edib” və “kömək etmək istəyir”.
Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba televiziya müsahibəsində bildirib ki, Dəməşq Livan Prezidenti Cozef Aunu “Livanın təhlükəsizliyi və suverenliyinin qorunması” məsələsində dəstəkləyir.
Onun sözlərinə görə, “qardaş Livanla koordinasiya Suriyanın vəziyyətin tənzimlənməsində mümkün rolunun əsasını təşkil edir”.
Trampın bəyanatlarını şərh edən əl-Baba qeyd edib ki, “Suriya və Livan tərəfləri bu açıqlamaları şərh etmək və hər iki ölkənin maraqlarına cavab verən, ümumi ərəb konsepsiyası çərçivəsində uyğun formul hazırlamaq imkanına malikdir”.
Suriya əvvəllər “Hizbullah” ilə sıx əlaqələrə malik olub və 2005-ci ildə qoşunlarını geri çəkənədək onilliklər ərzində Livanda əhəmiyyətli təsirini qoruyub saxlayıb. “Hizbullah” isə öz növbəsində Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd hökumətini dəstəkləyirdi.
Sevinc Əliyeva
Ordu.az