Ordu.az xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Bununla əlaqədar ölkədə təntənəli tədbirlər və döyüş aviasiyasının nümunəvi uçuşları təşkil olunub.
Tədbir çərçivəsində F-35 təyyarələri Qdansk, Varşava və Krakov üzərində nümayiş uçuşları həyata keçirib. Marşrut Vestplatte üzərindən başlayan uçuşla start götürüb, daha sonra qırıcılar Varşava səmasında görünərək Visla çayı boyunca, Varşava Sitadelinin üzərindən uçuş həyata keçiriblər.
Marşrutun son mərhələsi Krakov üzərindən keçib. Aviasiya qrupu Visla çayı üzərində, Vavel təpəsi ətrafında müşahidə olunub.
F-35-lərin silahlanmaya qəbul edilməsi ilə bağlı rəsmi mərasim Lask şəhərində yerləşən 32-ci Taktiki Aviasiya Bazasında keçirilib. Həmin baza “Husar” bölməsinin yeni daimi yerləşmə məntəqəsi olacaq.
Tədbirdə Prezident Karol Navrotski, Senatın marşalı Malqojata Kidava-Blonska, Baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış, eləcə də ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas DiNanno iştirak edib. 2020-ci ildə təyyarələrin alınması ilə bağlı müqaviləni imzalayan keçmiş müdafiə naziri Mariuş Blaşçak da mərasimdə iştirak edənlər arasında olub.
İlk üç F-35 qırıcısı 2026-cı il mayın 22-də Lask bazasına çatdırılıb. Ümumilikdə Polşa 32 ədəd beşinci nəsil təyyarə sifariş edib və onların təhvilinin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. İlk təyyarə 2024-cü il noyabrında istehsal olunub.
ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35-lər NATO-nun ən müasir döyüş təyyarələrindən hesab olunur. Polşada onlara “Husar” adı verilib.
4,6 milyard dollar dəyərində müqavilə 2020-ci ilin əvvəlində imzalanıb və ölkə tarixində ən böyük müdafiə satınalmalarından birinə çevrilib.
Qırıcıların Polşa Hərbi Hava Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracağı bildirilir. Aşağı radara görünmə texnologiyası sayəsində onlar radiolokasiya sistemləri tərəfindən daha çətin aşkarlanır, sensor kompleksləri isə məlumatların real vaxt rejimində digər bölmələrə, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemlərinə ötürülməsinə imkan verir.
Təyyarələr geniş silah çeşidindən istifadə edə bilir. Bunlara uzaqmənzilli AGM-158 JASSM raketləri, AIM-120 AMRAAM və AIM-9X “Sidewinder” tipli “hava-hava” raketləri, eləcə də idarəolunan və planlaşdırılan aviasiya bombaları daxildir.
Sevinc Əliyeva
Ordu.az