Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Sayari dövlət televiziyasında çıxışı zamanı qeyd edib ki, strateji əhəmiyyətə malik bu bölgəyə Tehranın icazəsi olmadan heç bir gəmi daxil ola bilməz.
O, çıxışında Şri-Lanka sahilləri yaxınlığında ABŞ hücumu nəticəsində həlak olduqlarını iddia etdiyi İranın “Dena” esminesinin ekipaj üzvlərini də xatırladıb.
Kontr-admiralın sözlərinə görə, gəmi sülhməramlı və təlim missiyasında iştirak edib, dost ölkələrlə birgə təlimlər keçirib və üzərində döyüş silahları olmayıb.
Sayari bildirib ki, iranlı dənizçilər ədalətsiz hücumun qurbanı olublar və İran onların ölümünün qisasını almaqda qərarlıdır.
O, həmçinin beynəlxalq və insan hüquqları təşkilatlarını hadisəyə reaksiya verməməkdə tənqid edib.
İranlı admiralın iddiasına görə, insident nəticəsində 104 nəfər həlak olub, daha 20 hərbçinin cəsədi isə hələ də dənizdə qalıb.
Sayari bildirib ki, “Dena” esminesi martın 4-də Şri-Lanka sahilləri yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinin torpedası ilə vurulub.
İranın hərbi potensialından danışan komandan ölkənin PUA imkanlarının sürətlə inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu PUA-lardan geniş istifadə edir və bu sistemlər hətta mürəkkəb şəraitdə də qısa müddətdə döyüş hazırlığı vəziyyətinə gətirilə bilir.
Sayari əlavə edib ki, Hörmüz boğazının qərb hissəsi, boğazın özü və Fars körfəzi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır.
Boğazın şərq hissəsi və Hind okeanının şimal sektoru isə İran ordusunun Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.
“Heç bir gəmi İranın icazəsi olmadan bu bölgəyə daxil ola bilməz”, - deyə Sayari vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az