Avropa Komissiyası Aİ diplomatik xidmətinin ləğvini dəstəkləmədiyini bildirib

2025/10/1759499569.jpg
Oxunub: 191     17:23     12 İyun 2026    
Avropa Komissiyası Avropa İttifaqının diplomatik xidmətinin ləğvi və onun səlahiyyətlərinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin nəzarətinə verilməsi ideyasını dəstəkləmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının diplomatik xidməti Aİ institutlarının ayrılmaz hissəsidir və birlik siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

“Avropa İttifaqının diplomatik xidməti Aİ institutlarının bir hissəsidir və Aİ siyasətini həyata keçirir. Buna görə də o, fəaliyyətində Avropa Komissiyasının dəstəyindən istifadə edir”, - deyə Pinyu qeyd edib.

O həmçinin bildirib ki, hazırda Avropa Komissiyası səviyyəsində diplomatik xidmətin ləğvi ilə bağlı hər hansı müzakirənin keçirilməsi planlaşdırılmır.

Bununla yanaşı, Pinyu Aİ ölkələrinin xarici siyasət məsələlərində veto hüququndan məhrum edilməsi ideyasını dəstəklədiklərini bildirib.

Onun sözlərinə görə, bəzi hallarda veto hüququ Aİ-nin mühüm məsələlər üzrə irəliləyiş əldə etməsinə mane olur.

Qeyd edək ki, daha əvvəl Avropa mediasında, o cümlədən “Financial Times” qəzeti və “Reuters” agentliyində Aİ-nin aparıcı ölkələrinin diplomatik xidmətin islahatı ilə bağlı təkliflər irəli sürdüyünə dair məlumatlar yayılmışdı.

Həmin ssenarilərdən birində diplomatik xidmətin ləğvi, onun rəhbəri Kaya Kallasın vəzifədən uzaqlaşdırılması və Aİ-nin xarici siyasətinin Ursula fon der Lyayenin nəzarətinə verilməsi nəzərdə tutulurdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası    


Bizi "telegram"da izləyin