Ağkilsə hərbi hissəsindəki yanğın işi üzrə təqsirləndirilən erməni hərbi qulluqçunun həbsi daha üç ay uzadılıb

2026/06/1781270493.jpg
Oxunub: 215     17:17     12 İyun 2026    
Göyçə vilayətinin Birinci İnstansiya Ümumi Yurisdiksiya Məhkəməsində Ağkilsə hərbi hissəsinin yataqxanasında baş vermiş yanğınla bağlı növbəti məhkəmə iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, iyunun 12-də keçirilən iclasda iş üzrə təqsirləndirilən erməni hərbi qulluqçuYeğişe Hakobyanın həbs müddətinin daha üç ay uzadılması barədə qərar qəbul olunub.

Məhkəmə tərəflərin mövqeyini dinlədikdən sonra Ermənistan Cinayət Prosessual Məcəlləsinin 270-ci maddəsini rəhbər tutaraq Hakobyan barəsində seçilmiş həbs qətimkan tədbirinin daha üç ay müddətinə uzadılmasına qərar verib.

Bundan başqa, məhkəmə növbəti iclasın 2026-cı il iyunun 26-da saat 12:00-da davam etdirilməsi üçün prosesi təxirə salıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 19-da gecə saat 01:30 radələrində Göyçə vilayətinin Ağkilsə kəndi yaxınlığında yerləşən Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün yataqxanasında baş vermiş yanğın nəticəsində 15 müddətli erməni hərbi qulluqçu ölüb.

Hadisə zamanı daha 7 erməni hərbi qulluqçu Vardenis hospitalına yerləşdirilib. Onlardan dördü müalicədən sonra evə buraxılıb, üç nəfər isə ağır yanıq xəsarətləri ilə İrəvandakı Milli Yanıq Mərkəzinə köçürülüb.

Hdaisədən dərhal sonra Ermənistanın 2-ci Ordu Korpusunun komandiri və daha yeddi yüksək rütbəli hərbçi vəzifəsindən azad edilib.

Baş nazir Nikol Paşinyan hadisədən bir neçə saat sonra hökumətin iclasında rəsmi versiyanı açıqlayaraq bildirib ki, zabit sobaya benzin tökərkən alov onun üzərinə keçib və o, özünü qoruma instinkti ilə içərisində 5 litr benzin olan qabı yataqxanaya tərəf atıb. Rəsmi versiyaya görə, yanğın bu səbəbdən baş verib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü hissəsi və 550-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb.

Lakin ölən erməni hərbi qulluqçuların valideynləri rəsmi versiyaya inanmadıqlarını bildirirlər. Onlar hadisənin qəsdən törədildiyini və hərbçilərin yanğından əvvəl öldürüldüklərini iddia edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağkilsə   Ermənistan  


Bizi "telegram"da izləyin