Hindistanda istehsal edilən ilk C295 sınaq uçuşunu həyata keçirib

2026/06/fdgfd-1781267865.jpg
Oxunub: 256     16:37     12 İyun 2026    
Hindistanda istehsal olunan ilk C295 hərbi nəqliyyat təyyarəsi ilk sınaq uçuşunu uğurla tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Airbus Defence” şirkətinin rəsmi sosial media hesabında məlumat yayılıb.

Məlumata görə, “Airbus” və “Tata Advanced Systems Limited” (TASL) şirkətlərinin əməkdaşlığı çərçivəsində istehsal edilən ilk C295 təyyarəsi sınaq proqramının ilk mərhələsini uğurla başa vurub.

Bu hadisə Hindistanın aviasiya və müdafiə sənayesində yerliləşdirmə strategiyası baxımından mühüm addım kimi qiymətləndirilir və ölkənin müdafiə istehsalı imkanlarının inkişaf etdiyini göstərir.

“Make in India” proqramı çərçivəsində həyata keçirilən C295 layihəsi Hindistanda özəl sektor tərəfindən istehsal edilən ilk hərbi təyyarə layihəsi hesab olunur. Layihənin təchizat zəncirində ölkə üzrə fəaliyyət göstərən çoxsaylı kiçik və orta müəssisələr iştirak edir.

Sınaq uçuşundan sonra yayılan açıqlamada bu uğurun Hindistanın aviasiya və kosmik sənaye sahəsində artan imkanlarını nümayiş etdirdiyi bildirilib.

Qeyd edək ki, 2021-ci ildə imzalanmış müqavilə Hindistan Hərbi Hava Qüvvələri üçün ümumilikdə 56 ədəd C295 təyyarəsinin təchizatını nəzərdə tutur.

Müqaviləyə əsasən, ilk 16 təyyarə İspaniyanın Sevilya şəhərində yerləşən istehsal xəttində hazırlanaraq tam hazır vəziyyətdə Hindistana təhvil verilib. Bu təhvil prosesi ötən ilin avqustunda tamamlanıb.

Layihənin ikinci mərhələsində qalan 40 təyyarə Hindistanda istehsal ediləcək. Yerli istehsal xəttindən çıxacaq ilk təyyarənin sınaq mərhələsindən sonra bu il Hindistan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır.

Bununla yanaşı, Hindistanın HAL şirkəti tamamilə yerli imkanlarla hazırlanacaq “Orta Sinif Nəqliyyat Təyyarəsi” proqramı üzərində də işləri sürətləndirib. Layihə ölkənin müdafiə sənayesində texnoloji müstəqilliyini artırmağı hədəfləyir.

Digər tərəfdən, Braziliyanın “Embraer” şirkəti ilə “Mahindra Defence Systems” arasında imzalanmış anlaşma memorandumu çərçivəsində “C-390 Millennium” nəqliyyat təyyarəsinin Hindistanda birgə istehsalı nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, bu layihələr Hindistanın həm yerli istehsal, həm də beynəlxalq texnologiya transferi vasitəsilə aviasiya potensialını gücləndirmək və müdafiə sənayesini şaxələndirmək strategiyasının tərkib hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   C295  


Bizi "telegram"da izləyin