Fransa 2040-cı ilə qədər öz gücü ilə altıncı nəsil qırıcı hazırlaya biləcəyini açıqlayıb

2026/06/1780942672.jpg
Oxunub: 197     22:36     10 İyun 2026    
Fransa Almaniya ilə birgə həyata keçirilən FCAS (Future Combat Air System) proqramı uğursuzluğa düçar olsa belə, 2040-cı ilə qədər müstəqil şəkildə altıncı nəsil döyüş təyyarəsi hazırlamaq imkanına malik olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Katrin Votren Milli Assambleyada çıxışı zamanı danışıb.

Nazirin sözlərinə görə, “Dassault”, “Safran” və “Thales” şirkətləri Avropada analoqu olmayan sənaye ekosistemi formalaşdırıblar və bu sistem belə bir layihəni müstəqil şəkildə həyata keçirməyə qadirdir.

“Hazırda bu, Avropada tamamilə müstəqil şəkildə qırıcı istehsal edə bilən yeganə komandadır”, - deyə Votren bildirib.

O qeyd edib ki, son səkkiz il ərzində əlaqəli texnologiyaların hazırlanmasına artıq təxminən 2,5 milyard avro vəsait ayrılıb. Nazir əmin olduğunu bildirib ki, bu investisiyalar layihənin 2040-cı ilə qədər tamamlanmasına imkan verəcək.

Bununla yanaşı, o vurğulayıb ki, sistemlərin qarşılıqlı uyğunluğu məsələsində müttəfiqlərlə əməkdaşlıq davam etdirilə bilər.

Xatırladaq ki, daha əvvəl “Dassault” və “Airbus” arasında yaranmış fikir ayrılıqları səbəbindən Fransa-Almaniya FCAS layihəsinin icrasında ciddi çətinliklərin olduğu barədə məlumatlar yayılmışdı.

Mediada Berlin və Parisin proqramın yenidən nəzərdən keçirilməsi və ya dayandırılması imkanlarını müzakirə etdiyi bildirilirdi. Layihə gələcəkdə “Eurofighter” və “Rafale” qırıcılarının əvəzlənməsi üçün nəzərdə tutulmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   FCAS   Qırıcı  


Bizi "telegram"da izləyin