IMO rəhbəri Oman sahillərində tankerə edilən hücumu pisləyib

2026/05/1779509248.jpg
Oxunub: 177     21:53     10 İyun 2026    
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Oman körfəzi yaxınlığında “Settebello” tankerinə edilən hücumu qəti şəkildə pisləyib.

Ordu.az xəbər verir ki, hadisə nəticəsində üç hindistanlı dənizçinin itkin düşdüyü bildirilir.

“Dənizçilərin həyatını və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təhlükə altına qoyan hər hansı hərəkəti qətiyyətlə pisləyirəm. Bu qəbuledilməzdir”, - deyə Dominqesin bəyanatında qeyd olunub.

IMO rəhbəri itkin düşən ekipaj üzvlərinin ailələrinə başsağlığı verib və vurğulayıb ki, dənizçilərin müdafiəsi və dənizdə təhlükəsizliyin təmin olunması bütün tərəflər üçün prioritet olaraq qalmalıdır.

Daha əvvəl Hindistan Xarici İşlər Nazirliyi də hücumu pisləmiş və ekipajın 24 üzvündən 21 nəfərinin xilas edildiyini, üç nəfərin isə itkin düşdüyünü açıqlamışdı.

Hadisə ilə əlaqədar ABŞ-nin Hindistandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmış və ona rəsmi etiraz təqdim edilmişdi.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Ticarət Əməliyyatları Mərkəzinin məlumatına görə, hücum Hörmüz boğazının girişinə yaxın, Sohar şəhəri ətrafında baş verib və bölgədə davam edən gərginlik fonunda qeydə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IMO   Oman  


Bizi "telegram"da izləyin