“Axios”: ABŞ zərbələrdən sonra İranla razılaşma imkanını qoruyub saxlamağa ümid edir

2026/03/1772996933.jpg
Oxunub: 194     23:41     10 İyun 2026    
ABŞ administrasiyası hesab edir ki, İrana endirilən son zərbələr diplomatik prosesi pozmayacaq və Tehranla razılığa gəlmək imkanını qoruyub saxlamağa şərait yaradacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” Amerika rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, zərbələr Vaşinqtonun danışıqlardakı mövqeyini gücləndirmək məqsədilə endirilib, lakin eyni zamanda insan itkilərinin qarşısını almaq və gələcək danışıqların yolunu bağlamamaq üçün hesablanıb.

“Hücumlar çərşənbə axşamına keçən gecə həyata keçirilib ki, ABŞ yenidən müəyyən təsir rıçaqları əldə etsin. Lakin onlar elə hesablanmışdı ki, heç kim həlak olmasın və razılaşma imkanı qorunub saxlanılsın”, - deyə nəşrin həmsöhbəti bildirib.

Məlumata görə, qətərli vasitəçilər Tehranda təmasları davam etdirir, danışıqlar prosesinin yenidən başlanmasına və tərəflər arasında qalan fikir ayrılıqlarının aradan qaldırılmasına çalışırlar.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp davam edən diplomatik səylərə baxmayaraq İrana yeni zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi.

Amerikalı hərbçilərin məlumatına görə, hücumlar Hörmüz boğazında ABŞ helikopteri ilə bağlı baş vermiş insidentə cavab olub. Həmin hadisədən sonra ABŞ və İran arasında qarşılıqlı zərbələr mübadiləsi yaşanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin