Ordu.az xəbər verir ki, təlimlər zamanı Ukrayna müharibəsində geniş istifadə olunan yüksək mobillikli raket sistemi ilk dəfə olaraq adanın Çinə birbaşa baxan qərb sahilində sınaqdan keçirilib.
Təlimin əsas məqsədi HIMARS-ın yüksək hərəkət qabiliyyətini və düşmənin cavab atəşindən yayınmağa imkan verən “atəş et və geri çəkil” konsepsiyasını nümayiş etdirmək olub.
Tayvan administrasiyasının ordusunun açıqlamasında qeyd olunub ki, bu taktika döyüş şəraitində sistemin sağqalma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Bölük komandiri Ko Min-pin bildirib ki, HIMARS bölməsi yüksək döyüş hazırlığını nümayiş etdirərək tapşırığı uğurla yerinə yetirib.
“Lockheed Martin” tərəfindən istehsal edilən Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sistemi (HIMARS) Tayvan administrasiyası tərəfindən ilk dəfə ötən il adanın şərq sahillərində sınaqdan keçirilmişdi. Bu dəfə isə sistem Tayvanın mərkəzində yerləşən Tayçjunq bölgəsində qərb sahilində istifadə olunub.
Təxminən 300 kilometr mənzilə malik HIMARS sistemi Tayvan boğazının qarşı tərəfində yerləşən Çinin cənub-şərqindəki Futszyan əyalətindəki sahil hədəflərini vurmaq imkanına malikdir.
Məlumata görə, HIMARS Tayvanın yerli istehsalı olan “Thunderbolt-2000” reaktiv yaylım atəş sistemləri ilə birlikdə istifadə ediləcək. Bu sistemlər Çin qüvvələrinin limanlardan çıxışı və ya Tayvan sahillərinə çıxarma əməliyyatları zamanı hədəfə alınmasını təmin etməlidir.
“Thunderbolt-2000” raketlərinin atışı təlimlərin ilk günü həyata keçirilib.
Hərbi ekspertlər hesab edirlər ki, Tayvan boğazının qarşı tərəfində yerləşən qərb sahilindəki çimərliklər və palçıqlı sahələr mümkün Çin amfibiya əməliyyatı üçün ən ehtimal olunan çıxarma bölgələridir.
Tayvan administrasiyasının ordusu HIMARS kimi yüksək atəş gücünə malik mobil sistemlər hesabına asimmetrik müharibə imkanlarını genişləndirməyə çalışır. Bu strategiyanın əsas məqsədi adanı mümkün Çin hücumuna qarşı daha davamlı və müdafiəsi çətin hədəfə çevirməkdir.
Tayvan administrasiyasının hökuməti isə adanın gələcəyi ilə bağlı qərarların yalnız Tayvan xalqı tərəfindən verilə biləcəyini vurğulayaraq Çinin suverenlik iddialarını rədd edir.
Sevinc Əliyeva
Ordu.az