“Sayılır Av Spor” müdafiə sənayesinə daxil olmağa hazırlaşır - VİDEO

2026/06/1781110450.jpg
Oxunub: 227     20:47     10 İyun 2026    
Qaziantepdə yerləşən “Sayılır Av Spor” şirkəti ovçuluq və atıcılıq sektorundakı uzun illərə söykənən təcrübəsini müdafiə sənayesinə daşımağa hazırlaşır.

Ordu.az xəbər verir ki, şirkət hazırda hamar lüləli ov patronları istehsal etməklə yanaşı, gələcəkdə 9 mm tapança mərmiləri, eləcə də 5.56 mm və 7.62 mm çaplı sursatların istehsalını planlaşdırır.

1961-ci ildə Salih Sayılır tərəfindən əsası qoyulan şirkət uzun illər MKE şirkətinin Şərqi və Cənub-Şərqi Anadolu bölgəsi üzrə rəsmi distribütoru kimi fəaliyyət göstərib.

Hazırda Mehmet Cafer Sayılır, Semih Sayılır və Metin Sayılırın rəhbərlik etdiyi müəssisə Qaziantep və Ankarada yerləşən yeddi mağaza, sursat istehsalı fabriki və təxminən 1500 dilerdən ibarət satış şəbəkəsi ilə fəaliyyətini davam etdirir.

Şirkət ovçuluq, düşərgəçilik, silah, sursat və təbiət idmanları sahəsində xidmət göstərir. Qaziantepdə yerləşən zavodunda “Mesco” markası altında müxtəlif çaplarda ov patronları istehsal olunur. Şirkətin İdarə Heyətinin sədri M. Cafer Sayılır bildirib ki, onların məqsədi yalnız ovçuluq və atıcılıq sahəsi ilə məhdudlaşmır.

“Biz türk ovçusuna və türk atıcısına xidmət etmək istəyirik. Buradan müdafiə sənayesinə doğru irəliləyirik. Qarşıdakı illərdə 9 mm tapança mərmilərinin istehsalına başlamağı düşünürük. Bundan başqa 5.56 mm və 7.62 mm kimi müxtəlif çaplı məhsullar da istehsal etməyi planlaşdırırıq. Beləliklə, türk əsgərinə və türk polisinə xidmət göstərəcəyik”, - deyə o bildirib.

Cafer Sayılır vurğulayıb ki, şirkətin əsas məqsədlərindən biri ixracatın artırılmasıdır. Onun sözlərinə görə, dünya bazarlarında daha fəal iştirak etməklə Türkiyə iqtisadiyyatına daha böyük töhfə vermək niyyətindədirlər.

Şirkət rəhbərliyi hesab edir ki, mövcud istehsal təcrübəsi və geniş satış şəbəkəsi gələcəkdə müdafiə sənayesində daha güclü mövqe tutmağa imkan verəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sayılır-Av-Spor   Türkiyə  


Bizi "telegram"da izləyin