Erməni deputat: “Təlim toplanışları ilə siyasi rəqibləri hədələyirlər”

2026/06/1781120228.jpg
Oxunub: 197     23:35     10 İyun 2026    
“Təlim toplanışları ilə siyasi rəqibləri hədələyirlər. Məsələ sadəcə söhbət deyil, bu, cinayət barədə məlumatdır, Ermənistanın siyasi hakimiyyəti və müdafiə naziri tərəfindən hərbi polis və hərbi komissarlıqlardan alət kimi istifadə edilməklə törədilən kütləvi cinayət barədə məlumatdır”.

Ordu.az xəbər verir ki, bunu iyunun 10-da Ermənistanın “Hayastan” blokunun deputatı Geğam Manukyan özünün “Facebook” səhifəsində yayımladığı videomüraciətdə bildirib.

O, 25 günlük təlim toplanışlarının cəza vasitəsi kimi qanunsuz istifadəsi hallarının artmasına diqqət çəkib.

“Son günlər güc strukturları açıq təhdidlərdən praktiki addımlara keçib və faktiki olaraq Rusiyadan gələn çoxsaylı həmvətənlərin ölkədən çıxışını əngəlləyib”, - deyə Manukyan qeyd edib.

Manukyan izah edib ki, qanun vətəndaşların lazımi qaydada xəbərdar edilmə prosedurunu ətraflı şəkildə müəyyən edir.

“Bu proses təxminən 15-20 gün davam edir və müəyyən olunmuş qaydada “azdarar.am” rəsmi saytında elan verilməsini də nəzərdə tutur. Lakin hərbi polis total qanunsuzluq yolunu seçərək insanların sərbəst hərəkət hüququnu birbaşa dövlət sərhədində qanunsuz şəkildə məhdudlaşdırıb.

Hazırkı rejim cəmiyyətdə təhlükəli bir düşüncəni kök salmağa çalışır ki, guya orduda keçirilən 25 günlük toplanışlar həbsxana və ya cəzanın bir növüdür. Bununla da silahlı qüvvələrə olan həqiqi hörmətsizliyini nümayiş etdirir”, - deyə Manukyan qeyd edib.

Erməni siyasi xadim fikirlərini təsdiqləmək üçün bir sıra qalmaqallı faktlar sadalayıb.

Onun sözlərinə görə, Qafanda 53 yaşlı bir kişi ad gününü qeyd etmək üçün ölkəyə gəldikdən dərhal sonra çağırış vərəqəsi alıb, digər bir halda isə oxşar bildiriş din xadiminə ölkəyə gəldiyi günün ertəsi təqdim edilib.

Manukyan xüsusi diqqəti bu il hərbi xidmətdən tərxis olunmuş bir əsgərin işinə yönəldib.

“Qanuna görə, onun yenidən çağırılması mümkün olmasa da, sosial şəbəkələrdə Nikol Paşinyanı tənqid edən paylaşım etdikdən cəmi üç gün sonra təlim toplanışına göndərilib”, - deyə o qeyd edib.

Manukyan “News.am” nəşrinin jurnalisti ilə bağlı səs-küylü hadisəni də xatırladıb. Həmin jurnalist Zodda erməni hərbi qulluqçuların seçki məntəqələrinə qanunsuz daşınmasını işıqlandırırdı. Hərbi komissarlıqdan çağırış vərəqəsi ona Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin hakim partiyanın seçki qərargahında şəxsiyyətini öyrənməyə çalışmasından dərhal sonra çatdırılıb.

Müxalif erməni siyasətçinin fikrincə, ölkənin hazırkı rəhbərliyi hakimiyyəti qorumaq naminə hərbi xidməti qəsdən nüfuzdan salır, hərbi komissarlıqları və hüquq-mühafizə orqanlarını vəzifə cinayətləri törətməyə sövq edir.

Manukyan əminlik ifadə edib ki, seçki məntəqələrinin bağlanmasına bir neçə dəqiqə qalmış, qanunla nəzərdə tutulan şam yeməyi əvəzinə yüzlərlə əsgərin həyasızcasına daşınması ilə bağlı qeydə alınmış faktlar yalnız rejimin qorxusunu təsdiqləyir.

Erməni deputat yekunda bildirib ki, parlamentin aidiyyəti daimi komissiyasının təlim toplanışlarının səmərəliliyinin artırılması istiqamətində gördüyü bütün işlər hakimiyyətin hərəkətləri nəticəsində məhv edilir. Bununla belə, o, qeydə alınmış hər bir qanun pozuntusuna görə günahkarların mütləq ciddi şəkildə cəzalandırılacağını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin