“LA2 Dynamics” SARBOT-un yeni versiyasını hazırlayıb: daha güclü, daha ağıllı və daha çevik (VİDEO)
Oxunub: 240
20:51
10 İyun 2026
2022-ci ildə müdafiə sənayesində yeni texnologiyalar hazırlamaq məqsədilə yaradılan “LA2 Dynamics Mühəndislik A.Ş.” qısa müddətdə Türkiyənin ilk silahlı ayaqlı robotu olan SARBOT-u hazırlayaraq diqqət çəkib.
Ordu.az xəbər verir ki, Ankara Bilkent CYBERPARK və “İstanbul ARI Teknokent”də fəaliyyət göstərən şirkət elektronika, mexanika və proqram təminatı sahələrini birləşdirərək robot texnologiyaları üzrə elmi-tədqiqat işlərini davam etdirir.
Şirkətin baş direktoru Aziz Karaş bildirib ki, fəaliyyətlərinin əsas istiqaməti ayaqlı robotların hazırlanmasıdır.
“Şirkətimiz 2022-ci ildə yaradılıb. Məqsədimiz ayaqlı robotların istehsalıdır. Hazırda bütün fəaliyyətimiz bu istiqamətə yönəlib. İlk hədəfimiz dördayaqlı robotlar hazırlamaq idi, sonrakı mərhələdə isə ikiayaqlı insanabənzər robotların istehsalını planlaşdırırıq”, - deyə Karaş bildirib.
Onun sözlərinə görə, ilk SARBOT prototipi 2023-cü ildə hazırlanıb. Daha sonra istifadəçilərdən alınan rəylər əsasında yeni dəyişikliklər edilib və daha böyük platformaya ehtiyac olduğu müəyyənləşdirilib.
Bu məqsədlə tamamilə yeni dizayna malik SARBOT L1 hazırlanıb. Yeni model əvvəlki SARBOT M1 və M2 versiyalarından təxminən iki dəfə böyükdür.
Karaş bildirib ki, ölçülərin böyüməsi maneələri aşmaq, pilləkən çıxmaq və yükdaşıma imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Yeni platformanın yükdaşıma qabiliyyəti təxminən 15 kiloqrama çatdırılıb. Əvvəlki sistemlərdə bu göstərici 7-8 kiloqram idi.
Şirkət rəhbəri qeyd edib ki, robotun silahlı versiyası da hazırlanıb. Əvvəlki modellərdə SAR 109T inteqrasiya edildiyi halda, hazırda platformalardan birində “Sarsılmaz” şirkətinin 5.56 mm çaplı silahı quraşdırılıb.
Robotun sensor sistemləri də təkmilləşdirilib. Kamera sayı iki dəfə artırılaraq dördə çatdırılıb, LIDAR sistemlərinin sayı isə ikiqat artırılıb. Bu dəyişikliklər robotun ətraf mühiti daha dəqiq təhlil etməsinə imkan verir.
Karaş vurğulayıb ki, süni zəka dəstəkli alqoritmlər robotun mürəkkəb ərazilərdə hərəkət etməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, SARBOT artıq seriyalı istehsala hazırdır və Türkiyə Silahlı Qüvvələri, polis və jandarma daxil olmaqla müxtəlif qurumlar tərəfindən böyük maraqla qarşılanır.
Robot həmçinin kimyəvi, bioloji, radioloji və nüvə təhdidlərinin aşkarlanması üçün xüsusi sensorlarla təchiz olunub. Bu sistemlər mağara, tunel və digər riskli ərazilərdə təhlükəli sızmaların müəyyən edilməsinə imkan verir.
Şirkət yaxın vaxtlarda müxtəlif istifadəçilərlə sahə sınaqlarına başlamağı planlaşdırır.