Ordu.az xəbər verir ki, Osipyan bu barədə iyunun 10-da cəzaçəkmə müəssisəsinin qarşısında jurnalistlərlə söhbətində bildirib.
“Paşinyana ünvanladığım suallar və səsləndirdiyim faktlar tamamilə təkzibedilməzdir. Məsələ konkret müstəviyə keçəndə isə o, arqumentlərinin olmaması səbəbindən sadəcə özündən çıxdı”, - deyə Osipyan qeyd edib.
O bildirib ki, baş nazirlə söhbəti zamanı Qarabağ ətrafında aparılan pərdəarxası danışıqlar, çoxmilyardlıq korrupsiya və hakimiyyətin azərbaycanlı qaçqınların geri qayıtmasına razılıq verməsi ilə bağlı mövzuları qaldırıb.
Osipyanın sözlərinə görə, buna cavab olaraq Nikol Paşinyan onu heç bir əsas olmadan “düşmən tezisləri” yaymaqda və keçmiş vəzifəli şəxslərlə əlaqədə olmaqda ittiham edib.
Osipyan vurğulayıb ki, hüquqşünaslarla birlikdə Nikol Paşinyana qarşı böhtan iddiası qaldırmaq və onu səsləndirdiyi bəyanatları ictimai şəkildə təkzib etməyə məcbur etmək niyyətindədir.
Bundan əlavə, o, həbsxanadakı dözülməz məişət şəraitinə diqqət çəkib. “Kamerada rütubət, kif və kanalizasiya qoxusu hökm sürür, bu da səhhətimin pisləşməsinə səbəb olub”, - deyə Osipyan qeyd edib.
Xatırladaq ki, Artur Osipyan 2026-cı il mayın 18-də Nikol Paşinyanla mübahisədən sonra saxlanılmışdı. O, seçki kampaniyası zamanı Paşinyana yaxınlaşaraq onu tənqid etmişdi.
Qeyd olunur ki, həbs olunduqdan sonra Osipyan bu günə qədər aclıq aksiyası keçirib.
Alpər Mövludoğlu
Ordu.az