Almaniyanın yeni döyüş təyyarəsi axtarışında “Saab” ön plana çıxır

2026/06/1781110244.jpg
Oxunub: 199     20:42     10 İyun 2026    
Fransa, Almaniya və İspaniyanın birgə həyata keçirdiyi Gələcəyin Hava Döyüş Sistemi proqramının döyüş təyyarəsi komponentinin iflasa uğramasından sonra Avropada yeni tərəfdaşlıq axtarışları sürətlənib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Airbus” gələcəyin döyüş təyyarəsi layihələrində İsveçin müdafiə sənayesi şirkəti “Saab” ilə əməkdaşlığa müsbət yanaşır.

Mənbələrin bildirdiyinə görə, “Airbus” və “Saab” arasında ən azı altı aydır müxtəlif əməkdaşlıq variantları üzrə danışıqlar aparılır. Bu proses Almaniya ilə İsveç arasında müdafiə əlaqələrinin güclənməsindən də dəstək alır.

Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən FCAS proqramı “Dassault Aviation” və “Airbus” arasında səlahiyyət bölgüsü və əqli mülkiyyət hüquqları ilə bağlı uzunmüddətli mübahisələr səbəbindən çıxılmaz vəziyyətə düşmüşdü.

Almaniyanın layihədən çıxmaq qərarından sonra “Airbus” alternativ tərəfdaşlıq variantlarını daha açıq şəkildə qiymətləndirməyə başlayıb.

“Airbus Defence and Space” şirkətinin baş icraçı direktoru Mixael Şöllhorn “Saab”ın potensial tərəfdaşlardan biri olduğunu təsdiqləyib. O bildirib ki, digər variantlar da nəzərdən keçirilir.

Bundan başqa, İtaliyanın “Leonardo” şirkəti Almaniyanın Böyük Britaniya, İtaliya və Yaponiya tərəfindən həyata keçirilən Qlobal Hava Döyüş Proqramına qoşula biləcəyinə işarə edib.

Mütəxəssislər hesab edirlər ki, İsveçin “Gripen” proqramındakı təcrübəsi və texnoloji imkanları onu gələcək Avropa döyüş təyyarəsi layihələrində mühüm tərəfdaşa çevirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Saab  


Bizi "telegram"da izləyin